Almaniya və Britaniya birgə silah istehsalı və alman hərbi təyyarələrinin Şotlandiya istiqamətində dənizdə patrul uçuşlarının aparılmasına dair tərəfdaşlıq barədə yeni razılaşma əldə edib.
AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, iki ölkənin müdafiə nazirləri "Trinity House" adı verilən müqaviləni imzalayıblar.
Müqavilənin Britaniyanın Baş naziri Kir Starmerin Avropa İttifaqı ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində əlaqələri genişləndirmək hədəfinə nail olması məqsədi daşıdığı bildirilir.
Razılaşmaya əsasən, iki ölkə Britaniya tərəfindən istehsal edilən "Storm Shadow" raketlərindən daha uzaq məsafəli yeni silahın istehsalı üçün birgə fəaliyyət həyata keçirəcək. Tərəfdaşlar, həmçinin pilotsuz uçuş aparatları texnologiyası sahəsində də əməkdaşlıq edəcək.
Eləcə də Almaniyanın istehsalı olan "P-8 Poseidon" təyyarələri patrul uçuşlarının aparılması üçün Şotlandiyadakı Kral Hava Qüvvələrinin bazasında yerləşdiriləcək. Həmçinin mümkün təhdidlərə qarşı iki ölkə dənizin altından keçən kabel şəbəkəsinin təhlükəsizliyi istiqamətində də birgə fəaliyyət göstərəcək.
Bundan başqa, Almaniyanın nəhəng silah istehsalçısı "Rheinmetall" şirkəti top mərmisi istehsalı üçün İngiltərədə zavod inşa edəcək.
İngiltərənin metal məhsullarından hazırlanacaq topların istehsalına 2027-ci ildə başlanılması nəzərdə tutulur.