Qazaxıstanda 2025-ci ilin sonunadək yüngül relsli nəqliyyatın istifadəyə verilməsi planlaşdırılır

Astanada yüngül relsli nəqliyyat (LRT) xəttinin tikintisinin gələn ilin sonunadək başa çatdırılması planlaşdırılır.

AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, bu barədə hökumət başçısı Oljas Bektenovun layihənin gedişi ilə tanışlığı zamanı məlum olub.

Yeni nəqliyyat sisteminə 22,4 kilometrlik marşrut boyunca 18 stansiya daxil olacaq. Xətdə hər biri 652 sərnişin daşıya bilən 19 qatar hərəkət edəcək. Onların hərəkət intervalı 4-5 dəqiqə olacaq.

İlkin mərhələdə gündəlik sərnişin daşımalarının 25 min nəfər olacağı, pik saatlarda isə 92 min sərnişinə qədər artacağı gözlənilir. Səyahət haqqını nəqliyyat kartı və ya QR kodu ilə ödəyə bilərsiniz.

Yüngül dəmir yolu sistemi müntəzəm olaraq ayrıca təyin edilmiş relslər üzrə sərnişin daşıyan şəhər dəmir yolu nəqliyyatının bir növüdür. Bu sistem metro və dəmir yolu ilə müqayisədə daha kiçik ölçüsü və sürəti ilə xarakterizə olunur.