Pekin və Tokio Şərqi Çin dənizini sülh və dostluq məkanına çevirmək barədə razılığa gəliblər

Tokioda Çin və Yaponiya arasında dənizçilik məsələləri üzrə yüksəksəviyyəli məsləhətləşmələrin 17-ci raundu keçirilib. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, tərəflər müvafiq məsələləri dərindən müzakirə edib və Şərqi Çin dənizini sülh, əməkdaşlıq və dostluq məkanına çevirmək barədə razılığa gəliblər.

Birgə komissiyanın həmsədrləri - Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Sərhədləri və Dəniz İşləri Departamentinin direktoru Honq Lianq və Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okean ölkələri üzrə Bürosunun rəhbəri Hiroyuki Namazunun sədrliyi ilə məsləhətləşmələrin cari raundu çərçivəsində plenar iclas və üç sahə - dəniz müdafiəsi, hüquq-mühafizə və dəniz təhlükəsizliyi, habelə dəniz iqtisadiyyatı üzrə işçi qruplarının iclasları keçirilib.

Çin nümayəndələri Şərqi Çin dənizi, Diaoyu adaları, Cənubi Çin dənizi və Tayvan boğazı ilə bağlı digər məsələlərlə bağlı ölkənin mövqeyini çatdırıb və dövlətlərarası münasibətlərin yaxşılaşdırılması və inkişafı naminə Yaponiyanı Çinin ərazisinə, suverenliyinə və təhlükəsizliyinə hörmətlə yanaşmağa, bu istiqamətdə əməli addımlar atmağa çağırıblar.

Hər iki tərəf iki ölkə liderlərinin əldə etdiyi mühüm konsensusun səmimi şəkildə həyata keçirilməsinə, dəniz məsələləri üzrə sıx əlaqəni davam etdirməyə, fikir ayrılıqlarını lazımi qaydada həll etməyə və prosesə nəzarət etməyə, qarşılıqlı faydalı əməkdaşlığı gücləndirməyə və Şərqi Çin dənizini sülh, əməkdaşlıq və dostluq məkanına çevirmək üçün müsbət səylər göstərməyə razılaşıblar.

Həm Çin, həm də Yaponiya məsləhətləşmələrin 18-ci raundunun gələn il Çində keçirilməsinə dair prinsipial razılığa gəliblər.