Rəsmi Berlin İran və Almaniya ikili vətəndaşlığı olan Cəmşid Şarmehdin terrorçuluqda ittiham edilərək edam olunmasına etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, Almaniyanın Federal Kansleri Olaf Şolts bununla əlaqədar tviter səhifəsindəki açıqlamasında 69 yaşlı C.Şahmehdin edamının skandal olduğunu qeyd edib. Kansler paylaşımında Cəmşid Şarmehdə məhkəmədə irəli sürülən ittihamlara qarşı özünümüdafiə imkanının verilmədiyini bildirib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok da edam aktının qeyri-humanist qərar olduğunu qeyd edib. Berlinin bir alman vətəndaşının edam edilməsinin ağır nəticələri olacağını dəfələrlə açıq şəkildə bildirdiyini ifadə edən nazir Almaniyanın İrandakı səfirinin də C.Şarmehdin edam edilməməsi üçün yorulmadan fəaliyyət göstərdiyini vurğulayıb.
C.Şarmehdin X sosial şəbəkəsindəki videomüraciətində atasının ittiham olunduğu müddətdə həm Almaniya, həm də ABŞ-ın lazımi dəstək göstərmədiyini iddia edib.
Qeyd edək ki, 2008-ci ildə İranın Şiraz şəhərində törədilən və 14 nəfərin ölümü ilə nəticələnən terror hücumu ilə əlaqəsi olmaqda ittiham edilən C.Şarmehd barəsində bu ilin fevral ayında edam cəzası çıxarılmışdı.
İran rəsmiləri 2020-ci ilin avqustunda C.Şarmehdin mürəkkəb əməliyyatlar nəticəsində xaricdə yaxalanaraq ölkəyə gətirildiyini açıqlamışdı. C.Şarmehdin ailəsi isə onun Dubayda tranzit uçuşu həyata keçirərkən İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qaçırıldığını iddia etmişdi.