Türkiyəli nazir türk dövlətləri ilə sosial sahədə birgə layihələrin həyata keçirilməsinə çağırıb

Türkiyənin əmək və əhalinin sosial müdafiəsi naziri Vedat Işıkhan türk dövlətlərini daha sıx əməkdaşlığa və sosial sahədə birgə layihələrin həyata keçirilməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, Işıkhan oktyabrın 31-də Ankarada Sosial Elmlər Universitetində təşkil olunmuş “Türk Dövlətlərində Əmək və Sosial Müdafiə” mövzusunda beynəlxalq konfransda çıxış edib.

Türkiyəli nazirin sözlərinə görə, qloballaşmanın genişlənən miqyası fonunda əmək miqrasiyası axınları artır ki, bu da ölkələrdən daha sıx əməkdaşlıq tələb edir. “Vətəndaşların haqlarının, o cümlədən pensiya, sağlamlığın qorunması, istehsalat qəzaları, xəstəliklər və digər sosial risklərlə bağlı hüquqlarının müdafiəsi hər bir dövlətin mühüm məsuliyyət sahəsidir. Bu baxımdan sosial təminat sistemlərinin qarşılıqlı tanınması, bilik və təcrübə mübadiləsi xüsusi əhəmiyyət kəsb edir”, - deyən nazir bu istiqamətdə artıq ilk addımların atıldığını vurğulayıb.

Nazir vətəndaşların yaşadıqları ölkədən asılı olmayaraq sosial müavinətlərdən tam istifadə etməsinin təmin olunmasını işçilərlə işəgötürənlər arasında münasibətlərin sağlam təməli kimi xarakterizə edib, eləcə də əmək bazarında ədalətli şəraitin olmasının vacibliyini diqqətə çatdırıb.

Türkiyəli nazir Azərbaycan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə sosial sahədə sazişlərin sayının artacağına ümid etdiyini bildirib.

Daha sonra çıxış edən TDT Ağsaqqallar Şurasının sədri Bineli Yıldırım bu təşkilat çərçivəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb. O, türk dövlətlərinin yaxınlaşmasının təşkilata üzv olan bütün ölkələrin əhalisinin rifah halının yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. “Türk dövlətlərini ortaq tarix, mədəniyyət, dil və inanc birləşdirir”, - deyən Yıldırım 34 hərfdən ibarət ortaq türk əlifbası haqqında razılaşmanı yüksək qiymətləndirib. Onun fikrincə, Türkoloqların 1-ci Qurultayının yüz illiyinin qeyd olunacağı 2026-cı ilə qədər olan müddətdə bütün türk dövlətlərində ortaq türk əlifbasından istifadəyə başlamaq lazımdır.

Konfransda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ŞKTC-nin əmək və əhalinin sosial müdafiəsi naziri Sadık Qardiyanoğlu, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam və digər rəsmi şəxslər iştirak ediblər.