Almaniya Kansleri Olaf Şolts hesab edir ki, Kiyevə hərbi yardımın maliyyələşdirilməsi məqsədilə “borc əyləci”nin zəiflədilməsi üçün Ukraynada münaqişə ilə əlaqədar fövqəladə vəziyyət elan etmək olar.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
"Avropanın mərkəzində müharibə fövqəladə vəziyyətdir", - kansler vurğulayıb.
Onun sözlərinə görə, Almaniyanın konstitusiyası belə fövqəladə vəziyyət yarandığı təqdirdə “borc əyləci”nin zəiflədilməsi imkanını nəzərdə tutur: "Əminəm ki, parlament seçkilərindən sonra Bundestaqda əksəriyyət məhz bunu dəstəkləyəcək".
Xatırladaq ki, fevralın 23-də Almaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, "borc əyləci” büdcəyə daxil olandan daha çox vəsait xərcləməyi qadağan edən qaydadır.