Avstraliya Federal Polisi (AFP) Sidneydə yerləşən gizli laboratoriyanı aşkar edərək söküb və narkotik istehsalında istifadə olunan 11 tondan çox prekursor maddə ələ keçirib.
Trend xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
AFP-nin açıqlamasına görə, laboratoriyanın ifşası bu ilin yanvarında Avstraliyaya qeyri-qanuni yollarla 500 kq-dan çox narkotik maddə idxal etməyə çalışan beş nəfərin həbsindən sonra başlanmış genişmiqyaslı araşdırmanın nəticəsidir. Araşdırma çərçivəsində əldə edilən məlumatlar hüquq-mühafizə orqanlarına laboratoriyanın yerini müəyyən etməyə və orada axtarış aparmağa imkan verib.
Polisin məlumatına görə, obyektə baxış zamanı metamfetamin istehsalında istifadə olunan 11 tondan çox prekursor maddə, eləcə də "əlaqədar sənaye avadanlıqları, soyuducu qurğular və fırlanan buxarlandırıcılar" aşkar edilib.
Laboratoriyanın sökülməsindən sonra onu təşkil edən narkotik sindikatının fəaliyyəti ilə bağlı araşdırmalar davam etdiriləcək. "Müstəntiqlərimiz Avstraliyaya prekursorların idxalına və narkotiklərin istehsalına görə məsul olan hər kəsi müəyyən edib tutmağa çalışacaqlar", – deyə AFP komandiri vəzifəsini icra edən Peter Foqarti bildirib.