Martın 5-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadını dünən və bu gün” adlı tədbir keçirilib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl qonaqlar Arxivin binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Arxivdə mühafizə edilən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi tədbir iştirakçılarına nümayiş olunub. Arxiv əməkdaşları Nigar Bədəlova, Bəyim İbrahimova, Sevinc Soltanova, Nurlana Muradova və Anar Əsgərov qonaqlara “Nəsillərə örnək qadınlarımız”, “Azərbaycan qadınları arxiv sənədlərində”, “Mehriban Əliyeva – bəşəri dəyərlər simvolu”, “Nadir nəşrlər” adlı stendlərin şərhini verərək adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış qadınlardan, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti sayəsində müasir Azərbaycan qadınının cəmiyyətdəki yüksək yerindən, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində gördüyü işlərdən, xeyirxah əməllərdən bəhs ediblər.
Sonra Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Azərbaycan milli mətbuatında qadın məsələsi” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, XIX əsrin II yarısı-XX əsrin əvvəllərində bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qadınların istismar və zülmdən qurtulması, maariflənməsi, mülki və siyasi, eləcə də iqtisadi, sosial və mədəni hüquqlarının əldə edilməsi uğrunda mübarizə başlanıb. Bu mübarizədə Azərbaycan dövri mətbuatının böyük rol oynadığını qeyd edən E.Ələkbərova “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Yeni İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarda qadın savadsızlığı, qadın hüquqsuzluğuna qarşı dövrün Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtılı, Əhməd bəy Ağayev, Yusif Vəzir Çəmənzəminli kimi tanınmış ziyalıları ilə yanaşı, maarifpərvər qadınlarının da imzalarının get-gedə artdığını və onlar arasında xüsusilə iki nəfərin – ilk azərbaycanlı jurnalist qadın Şəfiqə Əfəndizadə və Azərbaycanda ilk qadın mətbu orqanı olan, 1911-1912-ci illərdə nəşr olunmuş “İşıq” qəzetinin redaktoru Xədicə Əlibəyovanın seçildiyini vurğulayıb, onların həyat və yaradıcılığından geniş bəhs edib. O diqqətə çatdırıb ki, “İşıq” qəzetinin nəşri Azərbaycan mətbuatında qadın məsələsində ən əlamətdar hadisə idi və dövrün ziyalı xanımlarını ətrafında birləşdirməklə, qadın azadlığı tərəfdarlarının və qadınların özlərinin artıq ciddi bir ictimai gücə çevrildiyini göstərirdi. “İşıq”la yola qədəm qoyan Azərbaycan qadın mətbuatının sonradan digər mətbu orqanlarla, xüsusən “Şərq qadını”, 1938-ci ildən etibarən isə “Azərbaycan qadını” jurnalı ilə yoluna davam etməsini vurğulayan E.Ələkbərova bildirib ki, bugünkü tarixşünaslığımız Azərbaycan qadınının mübarizə tarixinin öyrənilməsinə geniş yer ayırır və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi də bu istiqamətdə bir çox işlərə imza atıb: 2017-ci ildə Şəfiqə Əfəndizadənin “Seçilmiş əsərləri”, 2020-ci ildə “İşıq” qəzetinin tam mətni transliterasiya olunaraq müasir əlifbada, izahlar, qeydlər və lüğətlə nəşr edilib. Arxivin Azərbaycan qadınının mübarizəsinə həsr olunmuş növbəti layihəsi isə üç cilddən ibarət olan “1903-1920-ci illər milli mətbuatımızda qadın məsələsi” adlı topludur. Toplunun 1903-1913-cü illərdə nəşr olunmuş məqalələri ehtiva edən birinci cildi 2024-cü ildə nəşr olunub, növbəti 2 cild də tezliklə nəşr olunaraq ictimaiyyətə təqdim ediləcək.
Otuz ilə yaxın davam edən Ermənistan işğalına 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində son qoyaraq Vətən torpaqlarını əsarətdən xilas edən Azərbaycan oğullarını böyüdüb ərsəyə gətirmiş anaların hər birinin ən böyük sevgiyə, alqışa layiq olduğunu vurğulayan E.Ələkbərova çıxışını Ali Baş Komandan İlham Əliyevin fikirlərilə tamamlayıb: “Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”.
Sonra Milli Məclisin deputatı Hicran Hüseynovanın, yazıçı-publisist Şərəf Cəlillinin və Arxivin “Nəşrlərin mühafizəsi və uçotu” bölməsinin müdiri Ülkər Həmidovanın məruzələri dinlənilib.
Tədbirin sonunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.