Rusiya iki britaniyalı diplomatı ölkədən qovub

Rusiya 2 britaniyalı diplomatı ölkədən qovmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə rus KİV-ləri məlumat yayıb.

Məlumata görə, Federal Təhlükəsizlik Xidməti (FTX) onları Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradan kəşfiyyat-təxribat xarakterli fəaliyyətdə ittiham edir. Söhbət Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşı Alkeş Odedr və onun həyat yoldaşı- diplomatik nümayəndəliyin siyasi şöbəsinin birinci katibi Maykl Skinnerdən gedir.

Odedr və Skinnerin artıq akkreditasiyası ləğv olunub və onlar qarşıdakı 2 həftə ərzində Rusiya hüdudlarını tərk etməlidirlər.

Böyük Britaniyanın Moskvadakı səfirliyi əməkdaşlarına qarşı irəli sürülən ittihamların əsasız olduğunu bildirib.