Parisdə Türkiyə-Avropa İttifaqı münasibətləri müzakirə olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 2-də Parisə səfər edəcək. Səfər zamanı Hakan Fidanın Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşü nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Hakan Fidanın gündəmə gətirəcəyi məsələlər arasında Türkiyə-Fransa əlaqələri ilə yanaşı, regional və beynəlxalq hadisələr, xüsusilə Türkiyə-Avropa İttifaqı (Aİ) münasibətləri, əlaqələr arasındakı süni maneələrin aradan qaldırılması, o cümlədən bəzi ittifaq dövlətləri tərəfindən ölkədaxili siyasətə alət edilən bu məsələyə strateji prizmadan yanaşmağın vacibliyi, Avropa ölkələri, o cümlədən Fransadan bununla bağlı qərarlı addımların gözlənildiyi kimi mövzular yer alır.

Nazir Fidanın danışıqlar zamanı Fransada yaşayan Türkiyə vətəndaşlarını hədəf alan irqçi və ekstremist hadisələrə qarşı ölkəsinin qətiyyətli mövqeyi və bununla bağlı gözləntilərini də vurğulaması nəzərdə tutulur.

Görüşlərdə həmçinin Türkiyənin Fransa ilə ticarət həcminin və qarşılıqlı investisiyaların artırılmasını dəstəklədiyi, enerji, nəqliyyat, turizm, texnologiya, mədəniyyət və təhsil sahələrində tərəfdaşlıqların artırılması, ixrac məhdudiyyətlərinin aradan qaldırılması, terrorla mübarizədə səmərəli əməkdaşlıq, bununla bağlı ortaq və qətiyyətli mövqeyin əhəmiyyəti, Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları, eləcə də Suriyadakı son hadisələr müzakirə olunacaq.

Danışıqlar Hakan Fidanın müdafiə sənayesi sahəsində əməkdaşlığın vacibliyinə vurğu edərək Türkiyənin Avropanın təhlükəsizliyində oynadığı kritik rol və Aİ-nin yeni təhlükəsizlik mexanizminin formalaşmasında koordinasiyanın artırılmasının vacibliyinə diqqət çəkməsi gözlənilir.