Amerikalı dövlət qulluqçularının çinlilərlə münasibət qurması qadağan ediləcək

ABŞ-ın dövlət qulluqçularına və onların ailələrinə Çin vətəndaşları ilə romantik münasibətlər qurması qadağan ediləcək.

AZƏRTAC xəbər verir ki, “Associated Press” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.

“Yeni siyasət ABŞ-ın Çindəki diplomatik nümayəndəliklərinə, o cümlədən Pekindəki səfirliyə, həmçinin Quançou, Şanxay, Şenyan, Uxan və Honkonqdakı konsulluqlarına aiddir. Qadağalar Birləşmiş Ştatların Çindən kənarda yerləşən personalına şamil edilməyəcək”, - deyə məlumatda bildirilir.

Qadağa tətbiq edilməzdən öncə Çin vətəndaşları ilə münasibətdə olan dövlət qulluqçuları istisnaların edilməsi üçün müraciət edə biləcəklər. Müraciət rədd edilərsə, onlardan dərhal əlaqəni dayandırmaq və ya vəzifələrini tərk etmək tələb olunacaq.

Qeyd edək ki, bir müddət öncə Kolumbiya Universitetinin professoru Robert Leqvold Ağ evin Pekinə qarşı siyasətinin gələcəkdə ABŞ ilə Çin arasında soyuq müharibəyə səbəb ola biləcəyini deyib.