Bu gün yerli vaxtla saat 05:10-da İranın şimal-şərqində Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələdə indiyədək 2 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasan valiliyinin fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, rayonun eyniadlı şəhərinin ətrafında baş verən yeraltı təkan Məşhəd və digər rayonlarda da ciddi şəkildə hiss olunub.
Yavəri xəsarət alanların tibb mərkəzinə aparıldığını bildirib.
Qeyd edək ki, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Roştxar şəhərinin 12 kilometrliyində olan zəlzələ 10 km dərinlikdə baş verib.