Beynəlxalq Atom Enerjisi Agentliyi İsfahandakı nüvə obyektinə dəymiş ziyanı açıqlayıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranda nüvə obyektlərinə qarşı son hücumlar nəticəsində bu obyektlərin hüdudlarından kənara radiasiya sızmasının baş vermədiyini təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə BAEA-nin baş direktoru Rafael Qrossi agentliyin İdarəçilər Şurasının iclasında çıxışı zamanı danışıb.

“Fordodakı yanacaq zənginləşdirmə zavodunda və Arakda inşa olunan ağır su reaktorunun sahəsində heç bir zədə aşkarlanmayıb”, - deyə Qrossi qeyd edib. O əlavə edib ki, Buşehrdəki atom elektrik stansiyası və Tehrandakı tədqiqat reaktoru da son hücumlardan zərər görməyib.

 

Lakin İsfahandakı nüvə obyektində ziyan qeydə alınıb:

“Cümə günü baş vermiş hücum nəticəsində dörd bina – Mərkəzi Kimya Laboratoriyası, uranın emalı zavodu, Tehrandakı reaktor üçün yanacaq istehsalı zavodu və tikinti mərhələsində olan UF4 metal emalı zavodu – zədələnib”, – deyə o bildirib.