Tanınmış şirkət süni intellektlə yeni strukturlaşdırma aparır və işçi sayını azaldır

“Docler” qrupu Lüksemburqdakı əməliyyatlarında süni intellektin tətbiqini genişləndirmək məqsədilə böyük struktur islahatına başlayıb və bunun nəticəsində işçi ixtisarlarına gedir. Şirkət bu addımı qlobal bazar şərtlərindəki dəyişikliklərə uyğunlaşmaq üçün atdığını bildirib.

AZƏRTAC xəbər verir ki, Lüksemburqda yerləşən “Docler” texnologiya, rəqəmsal media, e-ticarət və tədbir idarəçiliyi sahələrində fəaliyyət göstərir. Bildirilib ki, qrup “Byborg Enterprises” də daxil olmaqla öz törəmə şirkətləri ilə birlikdə əhəmiyyətli yeni strukturlaşma prosesindən keçir.

Yenidən strukturlaşma çərçivəsində bir sıra əsas iş sahələri avtomatlaşdırılır, bəzi şöbələrdə isə süni intellektlə işləyən alətlər tətbiq olunur. Şirkət bildirir ki, bu texnoloji dəyişikliklər bir sıra sahələrdə əl əməyinə olan tələbatı azaldacaq və nəticədə bəzi törəmə şirkətlərdə yaxın həftələrdə işçi heyətində ixtisarlar gözlənilir.

“Docler” qrupunun islahat prosesinə bir il əvvəl başladığı və yayın sonunda tamamlamağı planlaşdırdığı vurğulanıb. Süni intellektin tətbiqi şirkətin gələcəkdə davamlı fəaliyyətini təmin etmək üçün atılan zəruri addımlardan biri hesab olunur.

İxtisarların dəqiq miqyası, bunun hansı şöbə və ya törəmə şirkətlərə təsir edəcəyi hələ açıqlanmayıb. Məlumatların gələn həftə ictimaiyyətlə paylaşılması gözlənilir. Qeyd edək ki, “Docler” hazırda beş ölkədə təxminən 1.500 nəfər işçi çalışdırır və şirkət bu il Lüksemburqda 25 illik yubileyini qeyd edir.

Bu, “Docler”in ilk böyük dəyişiklik prosesi deyil. 2022-ci ildə şirkət idarəetmə xərclərini azaltmaq və əməliyyatları daha da səmərəli etmək üçün bir sıra biznes funksiyalarını “Byborg”un nəzarəti altına alaraq mərkəzləşdirmişdi.