BBC: Şimali koreyalıları Rusiyaya “qul kimi” işləmək üçün göndərirlər

Şimali Koreyadan olan minlərlə insan Rusiyanın Ukraynaya davam edən işğalı ilə daha da dərinləşən böyük işçi çatışmazlığını doldurmaq üçün Rusiyaya "qul kimi" işləməyə göndərilir.

"Report" "BBC News"a istinadən xəbər verir ki, onların saxlandığı şərait köləliyə yaxındır.

Telekanal müharibə başlayandan Rusiyadan qaçan altı koreyalı işçi, onların qaçmasına kömək edənlər, eləcə də Cənubi Koreyanın yüksək çinli hökumət rəsmiləri və tədqiqatçılardan müsahibə alıb.

Onlar şimali koreyalıların Rusiyada işlədiyi ağır şərtləri və Şimali Koreya hökumətinin işçilərin qaçmaması üçün onların üzərində nəzarəti necə gücləndirdiyini təsvir ediblər.

İşçilərdən biri Çjin BBC-yə bildirib ki, Rusiyanın Uzaq Şərqinə endikdən sonra onu hava limanından tikinti sahəsinə kimi Şimali Koreyanın təhlükəsizlik agenti müşayiət edib, ona heç kimlə danışmamağı və heç nəyə baxmamağı tapşırıb. "Xarici dünya bizim düşmənimizdir", - işləmək üçün gələn fəhləyə deyilib.

Çjin deyib ki, çoxmənzilli binalar tikmək üçün gündə 18 saat işləməyə göndərilib.

BBC-nin açıqlama aldığı hər kəs eyni yorucu iş günlərini təsvir edib: səhər saat 6-da durub, ildə cəmi iki gün istirahətlə gecə saat 2-yə qədər tikintidə işləmək.