Dubay polisi “Çəhrayı brilyant” adlı əməliyyat zamanı 25 milyon dollar dəyəri olan nadir çəhrayı almazın ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması cəhdinin qarşısını alıb.
AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, Dubay polisinin bəyanatında bildirilir: “Çəhrayı brilyant” əməliyyatı zamanı bir ildən artıqdır aparıcı Gemologiya İnstitutu tərəfindən sertifikatlaşdırılmış və unikal təmizlik reytinqinə malik nadir almazı oğurlamaq üçün planlar hazırlayan cinayətkar dəstənin üzvləri həbs edilib. Cinayətkarların sxemi almazın sahibini (zərgər) müəyyən etmək və onu varlı bir yerli alıcının olduğuna inandıraraq aldatmaqdan ibarət idi. Şübhəlilər dəbdəbəli avtomobillər icarəyə götürməklə və yüksəksəviyyəli otellərdə görüşlər təşkil etməklə özlərini varlı şəxslər kimi göstəriblər, nəticədə taciri almazı təhlükəsiz mağazadan çıxarmağa inandırıb və nadir daşı oğurlayıblar”.
Qabaqcıl texnologiyalardan istifadə edən Dubay polisinin CID qrupları Asiya vətəndaşı olan üç şübhəlini müəyyən edib, onları izləyib və həbs edib. Almazın Asiya təyinatına gedən kiçik bir soyuducuda ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılması planlaşdırlıbmış.
Çəhrayı almaz “Fancy Intense” kimi təsnif edilir və çəkisi 21,25 karatdır. Onun mükəmməl reytinqi müstəsna parlaqlıq, simmetriya və cilalanma ilə bağlıdır. Almazın yüksək dəyəri və nadirliyi onu cinayətkarların əsas hədəfinə çevirib.