ABŞ Prezidenti Donald Trampın 28 maddədən ibarət sülh təklifi nə Rusiya, nə də Ukrayna tərəfindən qəbul edildi. Bu təşəbbüslərə baxmayaraq, müharibənin yaxın vaxtlarda dayanacağı real görünmür. İnsan tələfatı, şəhər və kəndlərin dağıdılması, milyonlarla insanın qaçqın düşməsi, uşaqların yetim qalması prosesi davam edir. Bəs bunun sonu olacaqmı? Müharibə niyə bitmir?
Hərbi nəzəriyyəçi, general Karl fon Klauzeviçin məşhur tezisinə görə, “müharibə siyasətin başqa vasitələrlə davamıdır”. Rusiya-Ukrayna qarşıdurması artıq sırf hərbi əməliyyatlar çərçivəsindən çıxaraq daha geniş təsir dairəsinə malik sistemli münaqişəyə çevrilib. Müharibə çoxtərəfli, çoxmərhələli xarakter alıb və tərəflərin heç biri uduzmaq niyyətində deyil. Rusiya üçün məğlubiyyət təkcə beynəlxalq nüfuz itkisi deyil, həm də hakimiyyət sisteminin sarsılması deməkdir. Ukrayna üçün isə məğlubiyyət dövlətçiliyin itirilməsi ilə nəticələnə bilər.
Qərb dövlətləri də prosesdə öz strateji maraqlarını güdür. Bu maraqlar müharibəni uzatmaq, Rusiyanı maksimum zəiflətmək, Ukraynanı asılı vəziyyətə salmaq və Avropanı təhlükə altında saxlamaq kimi məqsədlərdən ibarətdir. Bu şəraitdə sülh yalnız tərəflərdən birinin təslim olması ilə mümkündür. Lakin hər iki tərəf üçün məğlubiyyət milli, siyasi və ideoloji son demək olduğundan belə bir perspektiv real görünmür.
Almaniyanın görkəmli dövlət xadimi Otto fon Bismark bir çıxışında bildirirdi: “Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir”. Hazırda Avropanın ortasında davam edən müharibə də məhz belə “böyük məsələlərdən” biridir və onun qısa müddətdə həll olunacağı gözlənilmir. İki fərqli ideologiyanın və iki sivilizasiya modelinin toqquşması uzunmüddətli nəticələrlə müşayiət olunan mürəkkəb prosesdir. Bu toqquşmanın nəticələri yalnız münaqişə tərəflərinə deyil, bütün dünyaya təsir edəcək. Müharibə davam etdikcə dövlətlər öz təhlükəsizliklərini qorumaq üçün qalib tərəfin yanında yer almağa çalışacaqlar.
Harvard Universitetinin professoru, ABŞ-ın tanınmış filosof və politoloqu Samuel Haninqton 1996-cı ildə nəşr olunan “Sivilizasiyaların toqquşması və yeni dünya düzəni” əsərində qeyd edirdi ki, “soyuq müharibə”dən sonra dünyada liberal bazar iqtisadiyyatına əsaslanan yeganə formasiya üstünlük təşkil edəcək və bu proses sivilizasiyalar arasında toqquşmanı qaçılmaz edəcək. Sovet İttifaqının dağılmasından 30 il keçməsinə baxmayaraq, məğlub tərəfin bu nəticə ilə barışmaması və “suveren demokratiya” konsepsiyası ilə yenidən qlobal rəqabətə qoşulması məhz bu gün dünyanı sarsıdan müharibənin təməl səbəblərindən biridir.
“Qərb koalisiyasının” qələbə qazana bilməməsinin əsas səbəblərindən biri də Rusiyanın beynəlxalq arenada tamamilə tək qalmamasıdır. Bu fakt göstərir ki, Qərbin təklif etdiyi inkişaf modeli bütün dünyada birmənalı şəkildə qəbul edilmir. Hər bir xalqın öz tarixi inkişafından qaynaqlanan dəyərlər sistemi, adət-ənənələri və milli identikliyi var. Qısa zamanda bu dəyərləri bir kənara qoyub liberal ideologiyanı qəbul etmək istəməyən cəmiyyətlər mövcuddur və onlara tolerant yanaşmaq zəruridir. Liberal dəyərlər bütün xalqlar üçün vahid model ola bilməz. Məsələn, min illər boyunca formalaşmış İslam dini bir çox toplumların ideoloji şüur sistemində, həyat tərzində aparıcı rol oynayır və bu dəyərləri zorla dəyişdirmək mümkün deyil.
Tarixi təcrübə isə göstərir ki, bəzən sülh sənədləri yeni müharibələrin əsasını qoyur. Birinci Dünya müharibəsində məğlub olan Almaniya 1919-cu ildə ağır şərtlərlə Versal müqaviləsini imzalamağa məcbur edildi. Müqavilə imzalanarkən Fransa generalı Ferdinand Foş bunun sülh olmadığını, “20 illik atəşkəs” olduğunu demişdi. Generalın dediyi kimi, Almaniya 20 ildən sonra bu şərtləri rədd edərək bütün Avropanı yeni müharibəyə sürüklədi.
SSRİ dağıldıqdan sonra isə Rusiya nəinki Şərqi Avropanı, hətta bir vaxtlar tərkibində olmuş 15 respublikanı da saxlaya bilmədi. Aradan 30 il keçdikdən sonra Moskva yenidən güc toplayaraq itirdiklərini bərpa etmək məqsədilə qlobal mübarizəyə qatılıb. Bu prosesin necə nəticələnəcəyini zaman göstərəcək.
Rus generalı, Əfqanıstan müharibəsi veteranı Aleksandr Lebedin sözləri bu gün baş verənləri xatırladır: “İstənilən müharibə əvvəl dalandı, sonra fəlakət, daha sonra isə hamı danışıqlar masası arxasında oturmağa məcbur qalır”. Rusiya-Ukrayna müharibəsinin də sonda danışıqlar yolu ilə bitəcəyi şübhəsizdir. Lakin əldə olunacaq sülh Versal müqaviləsinə bənzər şəkildə cəzalandırıcı olarsa, bu, gələcəkdə yeni və daha dağıdıcı münaqişənin əsasını qoya bilər.