Çin Elmlər Akademiyasının (CAS) Şanxay Qabaqcıl Tədqiqatlar İnstitutunun (SARI) alimləri karbon qazını enerji ilə zəngin maye yanacağa çevirən proses təqdim ediblər. Metod “tərs yanma”ya bənzər bir reaksiyaya əsaslanır: karbon qazı su ilə birləşərək aviasiya kerosininin əsasını təşkil edən uzun karbon zəncirlərinə çevrilir.
AZƏRTAC “ACS Catalysis” jurnalına istinadla xəbər verir ki, inkişafın əsas elementi kalium və alüminium əlavələri olan dəmir əsaslı katalizator olub. Alimlərin fikrincə, bu katalizator iki əsas texnoloji maneəni - uzun karbon zəncirlərinin əmələ gəlməsinin çətinliyi və ən qiymətli məhsulların sintezinin aşağı səmərəliliyini dəf edib.
Eksperiment zamanı katalizator aktiv səth yaratmaq qabiliyyətini nümayiş etdirib, kimyəvi reaksiyaları sürətləndirib və aviasiya yanacağı üçün uyğun molekulların selektiv əmələ gəlməsini təmin edib. Təxminən 330°C temperaturda və orta təzyiqdə məhsuldarlıq saatda hər qram katalizator üçün 453,7 millilitr ağır olefin təşkil edib ki, bunun da 252,7 millilitr həcmi aviasiyada istifadə üçün uyğun fraksiyalar olub.
Katalizator 800 saat fasiləsiz işləmə müddətində sabit səmərəliliyi qoruyub və bu da texnologiyanın miqyaslama potensialını nümayiş etdirib.
Lakin sintetik aviasiya yanacağının tətbiqi uzunmüddətli sertifikatlaşdırma və sınaq tələb edir ki, bu da mürəkkəbliyi baxımından yeni preparatların təsdiqlənməsi ilə müqayisə edilə bilər.
Tədqiqatçılar vurğulayırlar ki, davamlı aviasiya yanacağı istehsalının mövcud metodları, xüsusən də tullantı bitki yağlarından əldə edilməsi resurs mövcudluğu ilə məhdudlaşır. Buna görə də karbon qazının istifadəsi perspektivli alternativə çevrilə bilər. Onlar hesablayırlar ki, növbəti onillik ərzində bu texnologiya iqtisadi rəqabət qabiliyyətinə nail ola və karbon qazını ekoloji narahatlıq mənbəyindən aviasiya sənayesi üçün davamlı resursa çevirə bilər.