“Goldman Sachs”: Hörmüz boğazından ixrac normal səviyyənin 4 faizinə enib

Hörmüz boğazından neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü hazırda normal səviyyənin 4 faizinə düşüb.

AZƏRTAC xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.

Bankın analitiklərinin fikrincə, boğazda blokada davam edərsə, İranın məhdud ixracı və məhdud saxlama tutumu tədarükdəki fasilələri daha da dərinləşdirə bilər. Dayanmış ABŞ-İran danışıqları və davam edən ABŞ blokadası tədarükü daha da sıxlaşdırır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə isə ABŞ-İsrail-İran müharibəsinin başlanğıcından bəri məhdudiyyətlər səbəbindən Hörmüz boğazında gəmi keçidləri 95,3 faiz azalıb.

Yaxın Şərqdəki münaqişə neft tədarükünü məhdudlaşdırdığı üçün “Brent” markalı xam neftin qiyməti 2022-ci ilin ortalarından bəri ən yüksək səviyyəyə yüksəlib. Hazırda “Brent”in bir bareli 121 dollardan, “Light” neftinin bir bareli isə 108 dollardan baha satılır. Yaxın Şərqdəki gərginlikdən əvvəl bir bareli təxminən 70 dollara satılan “Brent”in qiyməti münaqişənin 9-cu həftəsində 70 faizədək bahalaşıb, “Light”ın qiyməti isə təxminən 66 faizdən çox dəyər qazanıb. Qiymətlərin artmasına həm ABŞ, həm də İranın sərt açıqlamalarının bölgədəki gərginliyin və qlobal neft tədarükündəki azalmanın davam edəcəyi ilə bağlı gözləntiləri gücləndirməsi təsir göstərir.

Ekspertlərə görə, Birləşmiş Ərəb Əmirliklərinin OPEC-ə üzvlükdən çıxmasından sonra neft hasilatını artırma planı qısamüddətli sıxıntını kompensasiya etmək əvəzinə, orta müddətdə daha tədricən baş verəcək.

Neft və LNG daşınması üçün vacib olan Hörmüz boğazındakı gərginlik Yaxın Şərqdəki müharibənin başlanğıcından bəri enerji təchizatı ilə bağlı narahatlıqları artırıb, xüsusən də neft və təbii qaz qiymətlərinin yüksəlməsinə səbəb olub.