Britaniyada yeniyetmələrin dörddə biri psixi sağlamlıq dəstəyi üçün süni intellektə müraciət edir

Böyük Britaniyada aparılan yeni araşdırma yeniyetmələr arasında süni intellektə müraciətin artdığını göstərib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, İngiltərə və Uelsdə 13–16 yaş aralığında olan 11 min uşaq arasında keçirilmiş sorğuya əsasən, yeniyetmələrin dörddə biri son bir ildə psixi sağlamlıqla bağlı dəstək almaq üçün süni intellekt çatbotlarından istifadə edib.

Tədqiqat göstərib ki, yeniyetmələrin yarıdan çoxu ötən il ərzində hər hansı onlayn psixoloji dəstək formasına üz tutub və onların 25 faizi məhz süni intellekt əsaslı çatbotlardan kömək alıb.

Gənclərin rifahı ilə bağlı fəaliyyət göstərən “Youth Endowment Fund” (YEF) xeyriyyə təşkilatı tərəfindən aparılan araşdırma həmçinin ciddi zorakılıqdan təsirlənən uşaqların onlayn dəstəyə daha çox müraciət etdiyini üzə çıxarıb. Şiddət qurbanı olan yeniyetmələrin 38 faizi, zorakılıq törətmiş uşaqların isə 44 faizi psixoloji dəstək üçün süni intellekt çatbotlarına müraciət etdiklərini bildirib.

YEF bildirir ki, süni intellekt çatbotları çətinlik yaşayan gənclər üçün daha əlçatan görünür, çünki anonim şəkildə və günün istənilən vaxtında danışmaq onlar üçün real mütəxəssislə ünsiyyətdən daha rahat və təhlükəsiz hiss oluna bilər.