Mariya Korina Maçado Nobel Sülh Mükafatının təqdimetmə mərasimində iştirak edə bilməyəcək

Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado bu gün Oslo şəhər meriyasında keçiriləcək mükafatlandırma mərasimində iştirak etmək üçün Norveçə gəlməyəcək. Onun yerinə mükafatı qızı alacaq və anasının hazırladığı çıxışı da oxuyacaq.

AZƏRTAC xəbər verir ki, bunu Nobel İnstitutunun prezidenti Kristian Berq Harpviken söyləyib və Maçadonun harada olduğunu bilmədiyini əlavə edib.

Maçadoya qarşı bir neçə araşdırma aparıldığı üçün Venesuela hakimiyyəti onu ölkəni tərk edəcəyi təqdirdə axtarış siyahısına salmaqla hədələyir və bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Vətəninə qayıtdıqdan sonra müxalifət lideri həbs oluna və ya ölkəyə buraxılmaya bilər. Onun iştirakı ilə planlaşdırılan mətbuat konfransı ləğv edilib.

Venesuela müxalifətinin ən görkəmli simalarından biri olan Maçado ötənilki seçkilərdə iştirak etməkdən kənarlaşdırılıb və həbs olunmaq qorxusu səbəbindən gizlənir. Hakimiyyət hazırkı Prezident Nikolas Maduronu qalib elan etsə də, müxalifət və bir sıra beynəlxalq ictimaiyyət nümayəndələri hesab edirlər ki, əslində Maçadonu əvəz edən namizəd, hazırda İspaniyada olan Edmund Qonsales Urrutiya qalib gəlib.