Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, səfir Almaniya hökumətinin Bundestaqa seçkiləri zamanı genişmiqyaslı kiberhücum və dezinformasiya kampaniyasına görə Rusiyanı ittiham etməsi ilə əlaqədar çağırılıb.
“Storm-1516” adlanan kampaniyanın ölkənin ictimai-siyasi sabitliyini pozmaq məqsədi güddüyü bildirilir. Belə ki, seçki kampaniyası zamanı saxta veb-saytlar üzərindən yayılan videolarda Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) və Yaşıllar partiyasına qarşı yalan məlumatlar təqdim olunub. Yayılan videolarda Fridrix Merts və Robert Habek haqqında əsassız iddialar irəli sürülüb, həmçinin poçtla səsvermə sənədlərinin manipulyasiya olunduğu barədə saxta görüntülər yayımlanıb.
Almaniyanın təhlükəsizlik xidmətləri və “Microsoft” mütəxəssislərinin qiymətləndirməsinə görə, “Storm-1516” dövlət səviyyəsində idarə olunan rus kampaniyasıdır. Qrupun həm Almaniyada, həm də ABŞ-da seçkilərə təsir göstərməyə çalışdığı və “deepfake” texnologiyasından istifadə etdiyi bildirilir.