Çay Günü

Hər il dekabrın 15-də dünyanın aparıcı çay istehsalçıları statusunu saxlayan bütün ölkələrdə Çay Günü - Yer üzündə ən qədim və faydalı içkilərdən biri olan çayın bayramı qeyd olunur. Onu başqa bir tarixlə - BMT-nin 2019-cu ildə təyin etdiyi və mayın 21-də qeyd etdiyi Beynəlxalq Çay Günü ilə qarışdırmaq lazım deyil.

AZƏRTAC xəbər verir ki, bu Günün məqsədi hökumətlərin və vətəndaşların diqqətini çay satışı problemlərinə, çay satışı ilə çay sənayesi işçilərinin, kiçik istehsalçıların və istehlakçıların vəziyyəti arasındakı əlaqəyə cəlb etmək və əlbəttə ki, bu içkinin populyarlaşdırmaqıdr.

Bayramı məhz dekabrın 15-də qeyd etmək qərarı, 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Porto Alegri şəhərində keçirilən Dünya İctimai Forumu (World Social Forum) zamanı bir çox beynəlxalq təşkilat və həmkarlar ittifaqlarında dəfələrlə müzakirə olunduqdan sonra qəbul edilib. Məhz bu gün 1773-cü ildə Çay sənayesi işçilərinin hüquqlarının Dünya Bəyannaməsi qəbul edilib.

Müvafiq olaraq, Çay Günü əsasən çay istehsalının iqtisadiyyatlarının əsas tərkib hissəsi olduğu ölkələrdə: Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Çin, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Uqanda və Tanzaniyada qeyd olunur.

Ümumdünya Ticarət Təşkilatının apardığı beynəlxalq ticarət siyasəti istehsalçı ölkələrin sərhədlərini ticarət üçün açacağını nəzərdə tutur. Çay qiymətlərinin müəyyən edilməsində aydınlıq çatışmazlığı ilə yanaşı, çayın əmtəə qiyməti bütün ölkələrdə davamlı olaraq aşağı düşür.

Çay sənayesində həddindən artıq istehsal müşahidə olunur, lakin mənfəət qlobal brendlərə köçürüldüyü üçün bu fenomenə nəzarət olunur. Dünya brendləri çayı ən aşağı qiymətlərlə almaq imkanına malikdirlər, çay sənayesində isə genişmiqyaslı yenidənqurma prosesi keçir. Bu, çay plantasiyalarının dağılması və parçalanmasında və brendlərin konsolidasiyasında özünü göstərir.

Hesab olunur ki, çay içki kimi Çinin ikinci imperatoru Şen Nunq tərəfindən eramızdan əvvəl 2737-ci ildə kəşf edilib, həmin vaxt imperator çay yarpaqlarını bir fincan isti suda dəmləyib. Çin imperatorunun təxminən 5 min il əvvəl daddığı eyni çayı bizim indi içdiyimizi təsəvvür etmək mümkündürmü?

Eramızın 400-600-cü illərində Çində çaya müalicəvi içki kimi maraq artıb və bu da çayçılığın inkişafına səbəb olub. Çay Avropada XVII əsrin birinci yarısında tanınmağa başlayıb. Müasir çay tarixində ən məşhur hadisələrdən biri 1773-cü il dekabrın 16-da baş verən “Boston çay ziyafətidir”, həmin vaxt Amerika kolonistləri Böyük Britaniya tərəfindən tətbiq edilən çay vergisinə etiraz olaraq çay qutularını Boston limanına atmışdılar.

Azərbaycanda çay təkcə ölkədə ən populyar içki deyil, həm də hər bir azərbaycanlının həyatının ayrılmaz parçasıdır. Qonaq gəldiyiniz yerdə nə qədər qalmağınızdan asılı olmayaraq, ev sahibləri sizin üçün həmişə zəngin çay süfrəsi açacaqlar.

Çayın təqdimetmə mərasimi həm də Azərbaycan mədəniyyətinin vacib tərkib hissəsidir. Ənənəvi olaraq, çay “armuda” stəkanda verilir. Çay hazırlamağın əsas məqamı onu dəmləmək və qaynatmaq texnikasıdır. Bu mənada samovarda hazırlanan isti çayın dadı digər çay qaynatma üsullarından köklü şəkildə özünəməxsusluğu ilə fərqlənir.

Yerli şirniyyatlar milli çay süfrəsinin ayrılmaz atributudur. Müxtəlif mürəbbələr, paxlava, şəkərbura, badambura, kəta, qoğal, rahat- lukum, müxtəlif quru meyvələr və digərləri xüsusilə məşhurdur. Süfrəni kəllə qənd, rəngli noğul (şəkər drajeləri) və dilimlərə bölünmüş limon olmadan təsəvvür etmək mümkün deyil.

Azərbaycanda çay cənubda, Talış dağları arasındakı plantasiyalarda yetişdirilir. Çay hər yerdə içilir və hər bir Azərbaycanlı üçün həyat tərzinə çevrilib. Ölkənin hər yerində çay evləri və ya yerli sakinlərin adlandırdığı “çayxanalar”a rast gəlmək olar.