Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanıdıqdan sonra iki ölkə arasında münasibətlər bərpa oluna bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, Tbilisi və Moskva arasında münasibətlərin bərpası üçün ilkin şərtlər Gürcüstan tərəfindən dəfələrlə açıqlanıb. “Biz Gürcüstan və Rusiya arasında münasibətlərin bərpası üçün ilkin şərtlərin nədən ibarət olduğunu açıq şəkildə bildirmişik. Əgər Gürcüstanın ərazi bütövlüyü Rusiya Federasiyası tərəfindən tanınarsa, bu münasibətlər bərpa oluna bilər. Bu, normallaşma yoludur. Rusiya Federasiyası da, onun hökuməti də münasibətlərin normallaşması üçün hansı şərtlərin mövcud olduğunu yaxşı bilir”, – deyə parlament sədri vurğulayıb.
O əlavə edib ki, Gürcüstan tərəfi münasibətlərin normallaşmasının tərəfdarıdır və bu proses üçün əsas şərt ölkənin ərazi bütövlüyünün tanınmasıdır.