Yaponiya hökuməti 2026-cı maliyyə ilində silahlı qüvvələrin ehtiyacları üçün rekord məbləğ - 9 trilyon yendən çox (58 milyard ABŞ dollarından artıq) vəsait ayırmağı planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu vəsaitin bir hissəsi uzunmənzilli raketlərin alınmasına və pilotsuz uçuş aparatlarından istifadə etməklə müdafiə sisteminin yaradılmasına yönəldiləcək. Hazırda ölkənin Müdafiə Nazirliyi bu məsələnin Maliyyə Nazirliyi ilə razılaşdırılması istiqamətində danışıqlar aparır.
Ayrılan vəsaitin əhəmiyyətli hissəsi 1 000 km-dən artıq uçuş məsafəsinə malik “Tip-12” raketlərinin və yerli istehsal olan səs sürətini üstələyən planerlərin alınmasına, eləcə də Böyük Britaniya və İtaliya ilə birgə altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasına sərf ediləcək.