Çinin şimal-şərqindəki Heyloncian əyalətinin inzibati mərkəzi olan Harbin şəhərində 27-ci buz və qar dünyası sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 1,2 milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 400 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Bu fiqurlar arasında müxtəlif ölkələrdəki məşhur memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var. Dünyanın ən böyük buz və qar sərgisinin davam edəcəyi günlərdə Harbin beynəlxalq buz və qar festivalı, müsabiqələr, qar futbolu, donmuş Sonhua çayında üzgüçülük və hokkey yarışları, fantaziya şouları, virtual reallıq layihələri təşkil olunacaq, turistlər rəqəmsal incəsənət muzeyinə baş çəkə biləcəklər.
Qeyd edək ki, Çinin buz şəhəri hesab olunan Harbindəki buz və qar dünyası sərgisi hələ 2023-cü ildə sahəsinin böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Sonrakı illərdə sərginin sahəsi daha da genişləndirilib. Hər il sərgini təxminən 3 milyon nəfər ziyarət edir. Martın əvvəlinədək davam edəcək Harbin sərgisi Çində populyar qış turizmi tədbiridir. Sərgiyə giriş bileti dekabrın 23-dək 298 yuan (təxminən 42 ABŞ dolları), sonrakı mərhələdə isə 328 yuan (46 dollar) olacaq.