2025-ci il Böyük Britaniyada ən günəşli il olub

Böyük Britaniyanın Meteorologiya Xidməti (Met Office) açıqlayıb ki, 2025-ci il ölkədə 1910-cu ildən bəri qeydə alınan ən günəşli il kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, ilin başa çatmasına hələ iki həftə qalmasına baxmayaraq, ilkin məlumatlara əsasən, ölkə üzrə ümumilikdə 1622 saat günəşli hava müşahidə olunub. Bu göstərici əvvəlki rekord olan 2003-cü ilin nəticəsini geridə qoyub. Məlumata görə, 2025-ci ildə fevral və oktyabr ayları istisna olmaqla, bütün aylarda günəşli saatların sayı orta göstəricidən yüksək olub. Rekord göstəricilərə xüsusilə yaz ayları mühüm töhfə verib. Belə ki, bu yaz həm müşahidələr tarixində ən günəşli və ən isti, həm də son 50 ildən artıq müddətdə ən quraq yaz mövsümü kimi qeydə alınıb.

Met Office bildirir ki, il ərzində Böyük Britaniya üzrə ümumi göstəricilər yüksək olsa da, regionlar arasında ciddi fərqlər mövcuddur. Dörd ölkə üzrə ayrıca aparılan təhlillərə əsasən, yalnız İngiltərə ən günəşli il rekordunu yeniləyib. Şotlandiyada 2025-ci il hazırda müşahidələr tarixində ikinci, Uelsdə isə altıncı ən günəşli il kimi qiymətləndirilir. Şimali İrlandiyada isə 2025-ci ildə günəşli saatların sayı orta göstəricidən yüksək olsa da, hələlik ən günəşli ilk on il siyahısına daxil olmayıb.