Səudiyyə Ərəbistanında islamaqədərki dövrə aid yaşayış məskəni aşkar edilib

Səudiyyə Ərəbistanında Vadi əl-Qurada qazıntılar nəticəsində eramızın III əsrinin sonlarında və ya IV əsrin əvvəllərində inşa edilmiş, VII əsrin birinci yarısınadək istifadə olunmuş iri bir tikili aşkar edilib. Bu tapıntı bölgədə V əsrin əvvəllərindən VII əsrin əvvəllərinədək olan dövrdə məskunlaşmanı təsdiqləyən ilk kompleks arxeoloji sübutdur.

AZƏRTAC Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadla bildirir ki, əl-Ula vilayəti üzrə Kral Komissiyası ilə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə apardığı arxeoloji qazıntıların nəticələri Ərəbistan yarımadası və Yaxın Şərq arxeologiyası üzrə ixtisaslaşmış ən nüfuzlu beynəlxalq jurnallardan biri olan “Arabian Archaeology and Epigraphy” jurnalında dərc edilib.

Otaqlar və həyətlərdən ibarət planlı memarlıq quruluşuna malik qədim tikilidə quyu, hovuz və su kanalları ilə təchiz olunmuş mərkəzi meydanın yeri müəyyən edilib, eləcə də kənd təsərrüfatı fəaliyyəti, məhsulun saxlanması, ərzaq istehsalı və sənətkarlıqla bağlı alətlər tapılıb. Bütün bunlar burada sabit və daimi bir icmanın mövcud olduğunu göstərir.

Tədqiqat ilk dəfə olaraq Vadi əl-Qura (indiki Əl-Ula) ərazisində eramızın III–VII əsrlərini əhatə edən dövrə dair dəqiq və ətraflı məlumatları özündə birləşdirir. Araşdırma Ərəbistan yarımadasının şimal-qərbində Nəbati dövrünün sonu ilə erkən İslam dövrünün başlanğıcı arasında mövcud olmuş və uzun müddət elmi boşluq sayılan mərhələni əhatə edir.

Araşdırmada qeyd olunur ki, bu tapıntılar Vadi əl-Quranın tarixi ilə bağlı ənənəvi təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə töhfə verir.