Çin Xarici İşlər Naziri Vanq: ABŞ ilə konstruktiv əlaqələr qurmağa hazırıq
Çin Xarici İşlər Naziri Vanq Yi, “ABŞ ilə strateji, sabit və konstruktiv əlaqələr qurmağa hazırıq” dedi.

 

Bu ay Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına sədrlik edən Çinin təşəbbüsü ilə 'BMT Nizamnaməsinin Məqsəd və Prinsiplərini Qoruyaq, BMT Mərkəzli Qlobal Sisteminin Səlahiyyətini Gücləndirək' başlıqlı iclas keçirildi. Çin Xarici İşlər Naziri Vanq Yi, Nyu-Yorkdakı BMT Baş Qərargahında keçirilən iclasa sədrlik edərək, ABŞ-ın strateji, sənaye və ticarət dairələrindən nümayəndələrlə görüş keçirdi.

Vanq Yi görüşdə, iclasa qatılanların BMT-nin səlahiyyətinin gücləndirilməsi və həqiqi mənada çox tərəfliliyin həyata keçirilməsi mövzusunda ortaq gözləntilərə sahib olduğunu bildirdi. Çin ilə ABŞ arasındakı əlaqələrin sülh və insanlığın gələcəyini təsir edə biləcək əhəmiyyətə malik olduğunu qeyd edən Vanq, iki ölkə arasındakı əlaqənin sağlam, sabit və davamlı şəkildə inkişaf etməsinin həm beynəlxalq ictimaiyyətin ortaq gözləntisi, həm də iki ölkənin tarixi məsuliyyəti olduğunu dilə gətirdi.

Nazir Vanq, Çinin, ABŞ ilə iki ölkə liderləri arasında əldə olunan vacib razılaşmaları həyata keçirməyə, strateji, konstruktiv və sabit əlaqələrin inkişafını sürətləndirməyə hazır olduğunu vurğulayaraq, görüşə qatılan tərəflərin də bu istiqamətdə səy göstərməsini ümid etdiyini söylədi.

Görüşə qatılan ABŞ-lı nümayəndələr isə Çin ilə ABŞ-ın böyük ölkələr olduğunu vurğulayaraq, iki tərəfin müxtəlif sahələrdə koordinasiyanı gücləndirməsi və qlobal çağırışlarla birlikdə mübarizə aparması lazım olduğunu bildirdi.