Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi İran və ABŞ arasında imzalanan memorandumu yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, Rafael Qrossi bu barədə mətbuat konfransında danışıb. “Razılığın əldə edilməsi yaxşıdır. İndi İran və ABŞ nümayəndə heyətləri texniki işlər üzərində çalışırlar”, - deyə o bildirib.
Baş direktor, həmçinin iyunun 19-da İsveçrədə keçiriləcək memorandumun rəsmi imzalanma mərasimində iştirakını da istisna etməyib. Rafael Qrossi, eyni zamanda, jurnalistləri İranın nüvə dosyesi ilə bağlı gələcək razılaşmanın parametrləri, onun təsdiqlənmə müddəti və danışıqlarda potensial çətinliklər barədə fərziyyələrin təhlükələri barədə xəbərdar edib.
Xatırladaq ki, bir müddət öncə ABŞ və İran Yaxın Şərqdə müharibəyə son qoymaq üçün razılıq əldə ediblər. Sazişin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Tərəflər 60 günlük atəşkəs dövründə digər məsələlərlə yanaşı, Tehranın nüvə proqramını müzakirə edəcəklər.