ABŞ Dövlət Katibi Marko Rubio, “Hörmüz Boğazı beynəlxalq sular və heç bir ölkənin keçid haqqı tələb etmə haqqı yoxdur” dedi.
ABŞ Dövlət Katibi Marko Rubio, Körfəz turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə çatdıqdan sonra hava limanında İranla davam edən anlaşma memorandumu müzakirələrinə dair qiymətləndirmə etdi. Rubio, Hörmüz Boğazının beynəlxalq sular olduğunu bildirərək, “Mövcud beynəlxalq hüquqa görə heç bir ölkənin beynəlxalq sulardan keçid haqqı və ya vergi tələb etməsinə icazə verilmir. Dünyanın hər yerindəki beynəlxalq sulardakı qaydalar belədir və burada da belə qalmasını gözləyirik. Bu mövzuda bölgədəki bütün ölkələrin bizimlə eyni fikirdə olduğunu düşünürəm” ifadələrini işlətdi.
Rubio, İranın gələcəkdə qlobal investisiyalardan pay alıb-almamasına dair suala, “Bu tamamilə İran rəhbərliyinin, terror ixrac edən inqilabi bir hərəkət olmaq əvəzinə normal bir dövlət olmağı seçib-seçməyəcəyinə bağlıdır. Əgər bu istiqaməti seçərlərsə, bölgədəki digər ölkələrin birbaşa xarici investisiyalardan yararlandığı kimi İran üçün də inanılmaz imkanlar yarana bilər” cavabını verdi.
Livan ilə İsrail arasındakı müzakirələrə də toxunan Rubio, bu müzakirələrin, Vaşinqton ilə Tehran rəhbərlikləri arasındakı müzakirə prosesindən ‘tamamilə ayrı olduğunu’ deyərək, “Livan kontekstində bir İran problemi olduğu doğrudur, o da Tehranın Hizbullaha verdiyi dəstək və sponsorluqdur. Bu element, iranlılarla aparacağımız görüşmələrin bir hissəsi olaraq nəzərə alınacaqdır. Ancaq Livanın gələcəyi, öz suveren seçilmiş hökuməti vasitəsilə Livan xalqına aiddir” açıqlamasını etdi.