Fransa tarixinin ən isti gününü yaşadı
Aşırı istilərin təsirli olduğu Fransa, ölkə üzrə orta hesabla 29,8 dərəcə hava temperaturu ilə tarixinin ən isti gününü yaşadı. İsti hava dalğası səbəbindən 54 bölgədə qırmızı həyəcan elan edilərkən, son günlərdə 40 nəfər boğularaq həyatını itirdi.

Fransa Meteorologiya Xidməti (Meteo-France) ölkə üzrə 30 meteoroloji stansiyada ölçülən gecə və gündüz temperaturunun orta hesabla 29,8 dərəcəyə çatdığını və 1947-ci ildən bəri qeydə alınan ən yüksək səviyyənin görüldüyünü elan etdi. Əvvəlki rekordun 29,4 dərəcə ilə avqust 2003 və iyul 2019-da ölçüldüyü xatırladıldı. Pissos qəsəbəsində termometrlər 44,3 dərəcəni göstərərkən, Bordo şəhərində temperatur 42,1 dərəcəyə çatdı. Orta hesabla 21,6 dərəcə olaraq ölçülən gecə temperaturunun da 1947-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatdığı bildirildi.

40 NƏFƏR BOĞULARAQ HƏYATINI İTİRDİ

Temperatur artımı ilə birlikdə nəzarətsiz bölgələrdə suya girilməsi nəticəsində boğulma hadisələri baş verdi. Fransa Baş naziri Sebastien Lecornu, isti hava dalğasının başladığı 18 iyundan bəri əksəriyyəti gənc olan 40 nəfərin boğularaq həyatını itirdiyini açıqladı. Lecornu, “İstisnai bir intensivlik yaşayırıq. Hər gün və hər gecə yerli və milli temperatur rekordları qırılır” dedi. Meteo-France isə ölkənin təxminən yarısına bərabər olan 54 bölgədə 'qırmızı həyəcan' verildiyini bildirdi.

İŞ SAATLARINDA DƏYİŞİKLİK

Temperatur artımı turistik məkanların iş saatlarında da dəyişikliklərə səbəb oldu. Eyfel Qülləsi saat 16:00-da bağlanarkən, Luvr Muzeyi şənbə gününə qədər ziyarət saatlarını iki saat irəli çəkərək 16:00-da bağlama qərarı aldı. Muzey rəhbərliyindən edilən açıqlamada, artan ziyarətçi sayı ilə birlikdə gün sonuna doğru içəridəki istilik yığılmasının yüksəldiyi və əsərlərin qorunması məqsədilə bəzi qalereyaların bağlana biləcəyi bildirildi.