ABŞ Prezidenti Donald Tramp, Ankarada keçiriləcək NATO Zirvəsinə Prezident Rəcəb Tayyib Ərdoğana olan hörmətindən dolayı gedəcəyini bildirdi.
ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Oval Ofisdə keçirdiyi mətbuat konfransında gündəmə dair sualları cavablandırdı. Tramp, ABŞ-İran danışıqlarını və Ankarada keçiriləcək NATO Zirvəsini qiymətləndirdi. Türkiyənin İran müharibəsinə daxil olmadığını və bundan məmnun olduğunu bildirən Tramp, “Ərdoğan böyük liderdir, çox güclü şəxsdir, ordusu da əladır. O, Türkiyəni sevir və əla iş görür, hörmətli adamdır, hörmətli liderdir və mənim dostumdur” ifadələrini işlətdi.
Tramp, Türkiyənin xüsusilə müdafiə sənayesi baxımından çox mühüm bir yerə sahib olduğunu qeyd edərək, “Türkiyənin nəhəng müdafiə sənayesi bazası var. ABŞ da daxil olmaqla NATO ittifaqının hər yerində fəaliyyət göstərən 3 min şirkəti var. O qədər güclüdür ki, insanlar Türkiyənin hərbi baxımdan nə qədər böyük olduğunu bilmirlər. Ərdoğan sayəsində Türkiyənin çox güclü ordusu var” deyə danışdı.
ALMANİYA, İNGİLTƏRƏ VƏ İSPANİYAYA TƏNQİD
Almaniya, İngiltərə və İspaniyanı tənqid edən Tramp, “İspaniya tam bir fəlakətdir, dəhşətlidir. Heç bir şey ödəmək istəmirlər. İspaniya yaxşı ittifaq üzvü deyil. İngiltərə isə ölür; Şimal dənizini neft axtarışına açmalıdırlar. NATO-dan tək istədiyim sədaqətdir. Almaniyada 50 min əsgərimiz var, kiçik bir jest istəyirik, dərhal 'Bunu edə bilmərik' deyirlər” açıqlamasında bulundu.
NATO Baş katibi Rutte də Türkiyənin ev sahibliyi edəcəyi NATO Zirvəsinin ittifaq üçün çox mühüm olduğunu və Prezident Ərdoğanın üzv ölkə liderlərini qəbul etməkdən məmnun olacağını söylədi.