Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Qərbi Avropanın Ukraynada sülhün təmin edilməsində ən böyük maneə olduğunu bildirdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskva şəhərində keçirdiyi həftəlik mətbuat konfransında gündəmə dair açıqlamalar verdi. Zaxarova, Niderlandın Ukrayna üçün 500 milyon avro dəyərində pilotsuz uçuş aparatları və hava müdafiə sistemlərinin alınmasını maliyyələşdirməyi, Belçikanın isə Kiyevə 7 ədəd F-16 döyüş təyyarəsi təhvil verməyi planlaşdırdığını bildirərək, "Bu, Qərbi Avropanın Ukraynada sülhün təmin edilməsində ən böyük maneə olduğunu göstərir" dedi.
Zaxarova, ABŞ-ın Ukraynaya dəstək verməsini tənqid edərək, "Hərbi texnikanın Kiyev rəhbərliyinə verilməsi, regional və beynəlxalq təhlükəsizlik baxımından gözlənilməz nəticələrə səbəb ola bilər. Bunları qanuni hərbi hədəf olaraq qəbul edirik. Vaşinqtonla əlaqələrimizdə bunu dəfələrlə dilə gətirdik" ifadələrini işlətdi.
Zaxarova, Rusiyanın Fransa və AB ilə münasibətlərinin dərin böhran dövründə olduğunu bildirərək, "Bu bizdən qaynaqlanmır. Münasibətlərimiz, Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibə vəziyyətindədir. Fransa Prezidenti Emmanuel Makron, ikitərəfli münasibətlərin çıxmaza girməsindən şəxsən məsuldur. Makronun komandası, ölkəmizlə müharibə hazırlığını açıq şəkildə danışaraq, reallıq hissini, özünü qoruma instinktini itirib" deyə danışdı.