İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərində problem olmadığını bildirdi.
İsrail Baş naziri Benyamin Netanyahu, Amerika mətbuatına verdiyi açıqlamada, 'ABŞ Prezidenti Donald Tramp ilə İran mövzusunda fikir ayrılıqları yaşandığı' iddialarını rədd etdi. Netanyahu, iki ölkənin ortaq məqsədinin İranın nüvə silah əldə etməsini əngəlləmək olduğunu bildirərək, Trampın ABŞ üçün, özünün isə İsrail üçün ən doğru olanı etdiyini irəli sürdü. Netanyahu, "Hər ailədə, hər yaxın dostluqda olduğu kimi bəzən fikir ayrılıqları olur və bunları açıq şəkildə danışırıq. Adətən də həll edirik" ifadələrini işlətdi.
İran mövzusunda, ABŞ ilə eyni məqsədləri paylaşdıqlarını müdafiə edən Netanyahu, "İranın nüvə silah proqramından imtina etməsini istəyirik. Zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılmasını və nüvə zənginləşdirmə müəssisələrinin sökülməsini istəyirik" deyə danışdı.
Netanyahu, Trampın müzakirələr yolu ilə bu məqsədlərə nail ola biləcəyinə inandığını söyləyərək, İsrailin yalnız ABŞ-ın deyil, Hindistan kimi başqa ölkələrin də dəstəyini aldığını qeyd etdi. 'Çox dostları olduğunu' və 'dostlarına sahib çıxdığını' irəli sürən Netanyahu, İranın 'zəifləməsi ilə' daha çox ölkənin onlarla eyni xəttdə yer almaq istədiyini dilə gətirdi.