Almaniya kansleri Friedrich Merz ölkəsinin ABŞ-dan Tomahawk qanadlı raketləri alacağını və bunların ölkədə yerləşdiriləcəyini bildirdi.
Almaniya kansleri Friedrich Merz Federal Məclisdə etdiyi açıqlamada NATO Zirvəsinin müsbət nəticələrlə başa çatdığını bildirdi. Avropa ölkələrinin müdafiədə daha çox məsuliyyət götürmək iradəsi göstərdiyini xatırladan Merz, “Almaniya müdafiə xərclərini nəzərdə tutulan müddətdən əvvəl ümumi daxili məhsulun 5%-i səviyyəsinə qaldıracaq” dedi.
Merz çıxışında Almaniyanın ABŞ-dan Tomahawk qanadlı raketləri alacağını və bu raketlərin ölkədə yerləşdiriləcəyini qeyd etdi. Beləliklə, müdafiədəki mühüm strateji boşluğu doldurduqlarını vurğulayan Merz, “Eyni zamanda öz Avropa sistemlərimizi inkişaf etdirmək və Avropada yerləşdirmək üçün də çalışacağıq. NATO transatlantik bir ittifaq olaraq qalacaq. Avropa ölkələri təhlükəsizliklərini başqalarına buraxa bilməz. Öz təhlükəsizliyimizdən ilk növbədə biz məsuluq” ifadələrini işlətdi.