ABŞ-da silahlı hücum: 12 yaşlı uşaq həyatını itirdi
ABŞ-ın Nyu-York şəhərinin Bronx bölgəsində bir supermarketin qarşısında baş verən silahlı hücumda 12 yaşlı uşaq həyatını itirdi, 2 nəfər yaralandı.

ABŞ-ın Nyu-York şəhərinin Bronx bölgəsində yerli saatla 17:00 radələrində bir supermarketin qarşısında silahlı hücum baş verib. Hücumda çiynindən vurularaq ağır yaralanan 12 yaşlı uşağın qaldırıldığı xəstəxanada həyatını itirdiyi bildirilib. Yaralanan iki nəfərin isə 25 və 34 yaşlarında olduğu, birinin budundan, digərinin isə ayağından vurulduğu qeyd edilib. Xəstəxanaya qaldırılan yaralıların sağlamlıq vəziyyətlərinin stabil olduğu bildirilib.

Nyu-York Polis Departamenti (NYPD) hücumun səbəbinin hələ müəyyən edilmədiyini qeyd edərək, hadisədən sonra qaçan hücumçu və ya hücumçuların tutulması üçün istintaqın davam etdiyini açıqlayıb.