Gürcüstandan havaya qalxan təyyarə Türkiyə sahillərində qəzalı eniş edib

Gürcüstandan havaya qalxmış kiçik ölçülü təyyarə Türkiyə sahilləri yaxınlığında dənizə qəzalı eniş edib. İnsident Rize vilayətinin Pazar rayonu ərazisində baş verib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəsmi “X” səhifəsində yayılmış məlumata görə, Rizenin sahil mühafizə xidmətinin əməkdaşları təyyarənin pilotu və sərnişininin xilas edilməsi üçün əməliyyat keçirib.

Hər iki şəxs uğurla təxliyə olunub.

 

Nazirliyin məlumatına görə, qəzalı eniş etmiş təyyarə Fransada qeydiyyatdan keçmiş yüngül mühərrikli WT9 modelindən olan təyyarədir.

Təyyarə Gürcüstanın Batumi hava limanından Ordu-Giresun hava limanına vizual uçuş qaydaları (VFR) əsasında uçuş həyata keçirib.

Mühərrikdə yaranan nasazlıq səbəbindən pilot fövqəladə vəziyyət elan edib və Rize-Artvin hava limanına istiqamətlənib. Bundan sonra təyyarə sözügedən hava limanından təxminən 4 dəniz mili şimal-qərbdə suya eniş edib.