Aİ-dən Kanadaya 'ortaq üzvlük' təklifi
Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Ümumi Məclisindəki çıxışında Kanadanın Avropa İttifaqının ilk 'ortaq üzvü' olmasını təklif etdi.

Avropa İttifaqı (Aİ) Komissiyasının Prezidenti Ursula von der Leyen, Strasburqda Avropa Parlamentinin ümumi iclasının mərkəzində yer alan və Komissiyanın gələn il üçün prioritetlərini müəyyən edən illik 'Birliyin Vəziyyəti' çıxışını etdi. Zalda iclası izləyən Kanada Baş naziri Mark Carney-ə müraciət edən von der Leyen, Kanadanın Aİ-nin ilk ortaq üzvü olması istiqamətində addım atmaq üçün birlikdə işləmək istədiyini ifadə etdi. Süni intellektdən iqlim dəyişikliyinə, Arktik bölgəsindən geosiyasətə qədər dünyanı eyni gözlərlə gördüklərini vurğulayan von der Leyen, Kanada ilə olan əlaqələri 'mümkün olan ən yüksək səviyyəyə' çıxarmaq istədiyini bildirdi.




Aİ və Kanada arasındakı əlaqələrin Hərtərəfli İqtisadi və Ticarət Anlaşması (CETA) səviyyəsindən daha irəliyə daşınması lazım olduğunu ifadə edən von der Leyen, istehsal, texnologiya, müdafiə, Arktik, enerji, kritik xammallar və süni intellekti əhatə edən bir 'Gələcək üçün İttifaq' qurulmasını hədəflədiklərini qeyd etdi.

AVROPA TƏHLÜKƏSİZLİK ŞURASI VƏ 4-CÜ MADDƏ TƏKLİFİ

Təhlükəsizlik sahəsində yeni addımlar təklif edən von der Leyen, NATO-dan ilhamlanan və 'Avropanın öz 4-cü Maddəsi' olaraq adlandırdığı bir struktur təklif etdi. Sözügedən təkliflə, bir üzv ölkənin silahlı hücum səviyyəsinə çatmayan, lakin ciddi bir təhlükəsizlik təhdidi ilə qarşılaşdığı hallarda, Aİ ölkələrinin məsləhətləşmə məqsədilə toplanması nəzərdə tutulur. Von der Leyen, həmçinin Aİ liderləri ilə yanaşı Kanada, Norveç, Ukrayna və İngiltərənin də daxil olduğu bir 'Avropa Təhlükəsizlik Şurası' yaradılması çağırışında bulundu.

DÜZƏNSİZ MİQRASİYA İLƏ MÜBARİZƏ VƏ CEUTA NÜMUNƏSİ

Miqrasiya mövzusuna da toxunan von der Leyen, bu yay İspaniyanın Şimali Afrikadakı torpağı Ceuta-da yaşanan böhrana istinad edərək, sərt şəkildə müəyyən edilmiş fövqəladə vəziyyət şəraitində standart prosedurlarda məhdud elastikliyə icazə verən bir 'Avropa Fövqəladə Vəziyyət Müdaxilə Çərçivəsi' təklif edəcəklərini bildirdi. Sərhəd mühafizə agentliyi Frontex-in gücləndiriləcəyini, geri göndərişlərin sürətləndiriləcəyini, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdiriləcəyini və üçüncü ölkələrlə əməkdaşlığın dərinləşdiriləcəyini vəd edən von der Leyen, "Bizim Birliyimizə kimin və hansı şərtlər altında gələcəyinə biz avropalılar qərar veririk" dedi.

UŞAQLARA VİRTUAL MEDİA MƏHDUDİYYƏTİ

Komissiyanın sabah 'Aİ Uşaq Qanunu'nu (EU Kids Act) təqdim edəcəyini elan edən von der Leyen, bu qanun çərçivəsində 13 yaşından kiçik uşaqların virtual media istifadəsinin, 15 yaşından kiçiklərin isə şəxsi hesab açmasının qadağan ediləcəyini bildirdi. 13 ilə 15 yaş arasındakı uşaqların yalnız valideyn nəzarətində məhdud hesablara sahib ola biləcəyi, platformaların isə 15 ilə 18 yaş arasındakı istifadəçilər üçün məcburi təhlükəsiz dizayn tələbləri ilə qarşılaşacağı qeyd edildi.