Sevindirici haldır ki, Türkiyənin cənub-şərq vilayətləri daha terrorla mübarizə kontekstində deyil, neft hasilatı və yeni faydalı qazıntı yataqlarının kəşfi ilə bağlı enerji hesabatlarında qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler çərşənbə günü Bakıdan Şırnak vilayətinə gələrkən bildirib.
Müdafiə naziri regionda “qara qızıl”ın hasilatı həcmlərinin mərhələli artırılmasına diqqət çəkib.
“Türkiyədə neftin 40 faizindən çoxu məhz Şırnakda hasil edilir. Qabar dağı ərazisində gündəlik “qara qızıl” hasilatı 47 min barelə çatır. Şübhəsiz ki, bu, bütün regionun inkişafı üçün güclü təkan olacaq”, - deyən türkiyəli nazir ölkə tarixində ən böyük neft yatağının 2021-ci ildə məhz terrorçulardan təmizlənən Şırnak vilayətində kəşf edilməsi faktını “xüsusi qürur mənbəyi” adlandırıb.
Güler vurğulayıb ki, dövlət regionda terrorizm probleminin tam kökünün kəsilməsi üçün əlindən gələni edir.
Cənub-Şərqi Anadolunun Türkiyənin enerji təhlükəsizliyi üçün əhəmiyyətini daha əvvəl enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bəyan etmişdi. Nazir deyib ki, hökumət bu ilin sonuna qədər Qabar dağı ərazisindəki yataqda neft hasilatı həcmini sutkada 100 min barelə çatdırmağı planlaşdırır.
Eyni zamanda, Bayraktar qeyd edib ki, hətta bu məqsədə nail olunsa belə, Türkiyənin neftə ehtiyacının yalnız ondabirini ödəmək mümkün olacaq.