Oktyabrın 7-də qlobal miqyasda dörd əlamətdar gün qeyd olunur

Oktyabrın 7-də beynəlxalq miqyasda, o cümlədən ölkəmizdə dörd əlamətdar gün qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün qeyd olunan Ümumdünya Memarlıq Günü 1985-ci ildə Beynəlxalq Memarlar İttifaqı (UIA) tərəfindən təsis edilib. Əvvəlcə, iyul ayının ilk bazar ertəsi bayram günü seçildi. Bununla belə, 1996-cı ildə UIA-nın 20-ci Baş Assambleyasında BMT-nin beynəlxalq günlər sistemində qeyd olunan Ümumdünya Habitat Günü şərəfinə bayramın oktyabrın ilk bazar ertəsi keçirilməsi qərara alındı. Bu əlamətdar gün yalnız sertifikatlı memarlar tərəfindən deyil, həm də memarlıq şah əsərlərinin bütün biliciləri tərəfindən qeyd olunur.

BMT sistemində qeyd olunan ikinci əlamətdar gün Ümumdünya Habitat Günüdür. 1985-ci ildə BMT tərəfindən təsis edilən bayram hər il oktyabrın ilk bazar ertəsi günü qeyd edilir. Bu əlamətdar gün şəhərlərin vəziyyəti və adekvat mənzil üçün əsas universal hüquq haqqında düşünmək, habelə insan mühitinin gələcəyi üçün kollektiv məsuliyyətimizi dünyaya xatırlatmaq üçün bir fürsətdır.

Ümumdünya Habitat Günü 2024-cü ildə “Gənclərin daha yaxşı şəhər gələcəyi yaratmaq üçün cəlb edilməsi” mövzusunda keçirilir və diqqəti sürətli şəhər inkişafı ilə bağlı imkanlar və problemlər üzərində cəmləşdirir. Məqsəd gənc nəsli hazırkı və gələcək həyatın planlaşdırılmasında iştirak etməyə həvəsləndirməkdir.

Bu gün beynəlxalq ictimaiyyət həm də Beynəlxalq Həkimlər Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və qeyri-hökumət beynəlxalq "Sərhədsiz Həkimlər" təşkilatının təşəbbüsü ilə yaradılan bu bayram oktyabrın ilk bazar ertəsi günü qeyd olunur və bütün dünyada həkimlər arasında həmrəylik günü hesab olunur. Beynəlxalq Həkimlər Gününün keçirilməsində əsas məqsəd insanların sağlamlığını və həyatını xilas etmək kimi nəcib peşə seçmiş insanların milliyyətinə və dininə görə ayrı-seçkilik etməməli olduqlarını xatırlatmaq, həmçinin ən humanist peşələrdən birinin nümayəndələrinə ehtiram göstərməkdir.

Daha bir əlamətdar gün Ümumdünya Layiqli Əmək Günü də oktyabrın ilk bazar ertəsi qeyd olunur. Bu bayram Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və Beynəlxalq Əmək Təşkilatının fəal dəstəyi ilə 2008-ci ildən hər il qeyd edilir. Onun əsas vəzifəsi dünyanın bütün həmkarlar ittifaqlarını layiqli əmək şəraitinin təmin edilməsi uğrunda fəaliyyətə səfərbər etməkdir. Hər il oktyabrın 7-də dünyada layiqli əmək hüququnun dəstəklənməsi üçün milyonlarla insanı əhatə edən bir sıra tədbirlər keçirilir.