Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Qazaxıstanda Türkistan şəhərinə səfəri çərçivəsində Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin ilahiyyat fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb.
Fonddan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, gənc nəslin dini-mənəvi dəyərlər ruhunda tərbiyəsi, həmçinin gələcəkdə birgə həyata keçirilə biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar “Divani Lüğət it-Türk” adlı beynəlxalq sərgisi və orada təqdim olunan nadir eksponatlar, tarixi əlyazmalar və XI əsrə aid türklərin mədəni quruculuq aspektinə diqqət çəkən əşyalarla tanış olublar.
Qeyd etmək ki, sərgi Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayəti Akiminin birgə əməkdaşlığı ilə təntənəli şəkildə açılıb.
Sonda Səlim bin Məhəmməd əl-Maliki tələbələrin suallarını cavablandırıb, gənclərin elmə və maarifə olan marağını yüksək qiymətləndirərək, onların gələcəkdə Türk-İslam dünyasının inkişafında mühüm rol oynayacaqlarına əminliyini ifadə edib.