Ankarada türkoloq və siyasi xadim Ziya Göyalpın yubileyinə həsr olunmuş sərgi açılıb

Görkəmli türk filosofu, maarifçisi və siyasi xadimi Ziya Göyalpın anadan olmasının 150 illiyi münasibətilə Ankaradakı Milli Kitabxanada türkçülüyün görkəmli ideoloqunun irsinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, salona toplaşanlar qarşısında çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Ziya Göyalpın əsas əsəri olan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” kitabının bu yaxınlarda Azərbaycan dili də daxil olmaqla beş dildə yenidən nəşr olunduğunu xatırladıb.

Nazir görkəmli şəxsiyyətin türk xalqının milli kimliyinin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayıb, onun ideyalarının və əsərlərinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə çağırıb.

“Göyalp öz dövrünün problemlərinə cavab axtararaq türk xalqının gələcəyinin təməlini qoyub", - deyə Ersoy bildirib.