“Əsrlərin şahidi Gəncə” adlı fotosərgi açılıb

Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, “Bakı Abadlıq Xidməti” MMC-nin, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncədə “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi təşkil olunub.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Filarmoniyanın Urban Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, “Bakı Abadlıq Xidməti” MMC-nin direktorunun birinci müavini Firdovsi Hüseynov, Xidmətin direktor müavini Emin Məmmədov, Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu, Birliyin sədri Amira Süleyman, idarə, müəssisə, təşkilat rəhbərləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Niyazi Bayramov çıxışında bildirib ki, Gəncə şəhər tarixində ilk dəfə olaraq III MDB Oyunları kimi mötəbər tədbirə ev sahibliyi edir. Sentyabrın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə həm Oyunların, həm də Gəncə Şəhər Stadionunun möhtəşəm açılışı olub. Bununla yanaşı, şəhərdə genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri aparılıb ki, bu da sakinlərin və qonaqların rahatlığını təmin edib. O, əlavə edib ki, bu işlərin mühüm hissəsi elə sərginin təşkilatçılarından biri olan “Bakı Abadlıq” MMC tərəfindən həyata keçirilib. Sərgidə nümayiş olunan fotolarda da məhz son aylarda görülən abadlıq işlərindən sonra dəyişən Gəncəni görmək mümkündür.

Amira Süleyman çıxışında sərginin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu layihə şəhərin tarixi yaddaşına bir baxış, keçmişlə bu gün arasında körpüdür. “Fotoqrafiya həm yaddaş, həm də tarixdir. Burada Gəncənin keçmişini və bu gününü yanaşı görməklə şəhərin necə dəyişdiyini hiss edəcəyik,” – deyə o qeyd edib. Bildirib ki, məqsəd şəhərin zəngin irsini və azərbaycanlı fotoqrafların yaradıcılığını gələcək nəsillərə foto sənəti vasitəsilə ötürməkdir.

O, həmçinin sərgi ilə yanaşı “Visit Gəncə” adlı yeni layihəyə start verildiyini də diqqətə çatdırıb. Layihənin məqsədi Gəncənin turizm potensialını artırmaq, şəhəri həm yerli, həm də xarici turistlər üçün daha tanınan və cəlbedici məkana çevirməkdir. Bu çərçivədə yeni turizm marşrutları hazırlanacaq, tematik kataloq və turizm xəritəsi nəşr olunacaq.

Tədbirdə çıxış edən Emin Məmmədov, Mirnaib Həsənoğlu, Gəncə–Daşkəsən Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, AMEA Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov da sərginin əhəmiyyətini vurğulayaraq, Gəncənin tarixi irsi barədə fikirlərini bölüşüblər.

Daha sonra “Gəncə tarixinin cizgiləri” adlı film nümayiş olunub. Film qədim fotolara yeni həyat verərək, müasir vizual texnologiyalar vasitəsilə şəhərin keçmişini canlandırır və Gəncənin zəngin mədəni irsini daha dərindən tanıtmağı hədəfləyir.

Sərgidə qonaqlara Gəncənin müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri təqdim olunub. Eksponatlar şəhərin tarixi simasını, urbanistik inkişafını və abadlaşdırma proseslərini əks etdirib. Keçmişin foto yaddaşından bu günün modern şəhər görünüşünə qədər dövrü əhatə edən ekspozisiya tamaşaçılara həm nostalji hisslər yaşadıb, həm də şəhərin bugünkü inkişaf yolunu göstərib.

Sərginin xüsusi diqqət çəkən məqamlarından biri Azərbaycanın ilk fotoqrafı, 1880–1910-cu illərdə Gəncədə fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasovun yaradıcılığının təqdimatı olub. Onun XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid orijinal fotoları ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirilib.