Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

Moskvada Azərbaycanın görkəmli müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin qarşısında anım tədbiri keçirilib. Tədbir əfsanəvi musiqiçinin vəfatının 18-ci ildönümünə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi adından görkəmli musiqiçinin heykəlinin önünə gül dəstələri qoyulub.

Əfsanəvi müğənninin ailəsi, dostları və çoxsaylı pərəstişkarı onun xatirəsini yad etmək üçün toplaşıblar. Tədbirdə müğənninin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, Azərbaycanın Xalq artisti Emin Ağalarov, “Crocus Group”un prezidenti Araz Ağalarov, tanınmış onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev və başqaları iştirak ediblər.

Mərasim iştirakçıları görkəmli musiqiçinin Rusiya paytaxtının mərkəzində, Azərbaycan səfirliyinin yaxınlığında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. Anım tədbirində Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.

Tamara Sinyavskaya AZƏRTAC-a müsahibəsində qeyd edib ki, Müslüm Maqomayevin pərəstişkarlarının sayı illər ərzində nəinki azalmayıb, əksinə artmaqda davam edir.

O deyib: “Müslümün pərəstişkarları ilə hər gün görüşə bilirdim, çünki onların sayı azalmır; fərq etdiyiniz kimi, artır. İnsanların illərdir təkcə onun xatirəsini deyil, həm də sevgisini qəlblərində yaşatmaları məni məmnun edir. Bu gün düz 18 il tamam olur... Gəlin kədərli şeylərdən danışmayaq; o, hələ də sağdır”.

Tamara Sinyavskaya görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə Azərbaycana xüsusi minnətdarlığını bildirib.

“Müslüm Maqomayevin xatirəsini yaşatdığına görə Azərbaycana çox minnətdaram. Bu işdə əməyi olan hər kəsə və bütün Azərbaycan xalqına təşəkkür edirəm. Mən Azərbaycanı çox sevirəm”, - deyə Xalq artisti vurğulayıb.

Emin Ağalarov isə AZƏRTAC-a açıqlamasında qeyd edib ki, hər il Müslüm Maqomayevin anım günündə Moskvada onun abidəsi önünə çoxlu sayda insan toplaşır.

“Bu gün Müslüm Maqomayevin vəfatından 18 il ötür. Günəşli bir gündür. Hər il onun anım günü günəşli olur. Müslüm Maqomayevin Moskvadakı abidəsinin önü həmişə izdihamlı olur, gül dəstələri qoyulur, çoxlu sayda pərəstişkar toplaşır və biz bunu hər il görürük. Böyük sənətkarın xatirəsi əbədi olaraq yaşayacaq”, - deyə o bildirib.

Anım tədbiri zamanı Araz Ağalarov və Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev Müslüm Maqomayev haqqında xatirələrini bölüşüb, onunla şəxsi görüşlərindən bəhs edib və görkəmli şəxsiyyətin insani keyfiyyətlərini vurğulayıblar.

İştirakçılar Müslüm Maqomayevin yaradıcılığının, özünəməxsus səsinin və ifaçılıq məharətinin dinləyici nəsillərini birləşdirməyə davam etdiyini, onun musiqi irsinin Azərbaycan və Rusiyanın mədəni həyatında xüsusi yer tutduğunu qeyd ediblər.

Xatırladaq ki, Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də Moskvada 66 yaşında vəfat edib. Görkəmli musiqiçi Bakıdakı Fəxri xiyabanda dəfn olunub.