VII Ümumdünya Forumunun əsas açar sözü ardıcıllıqdır. “Bakı Prosesi”nin əsaslandığı ardıcıllıq sistemli fəaliyyət kimi davam edir. Bu ardıcıllıq forumun üç əsas sütununu birləşdirir: qlobal problemlərin həllində mühüm vasitə kimi dialoqun aparıcı rolu, anlaşma və əməkdaşlıq üçün başlanğıc nöqtəsi kimi multikulturalizmin əhəmiyyəti, eləcə də sülh və təhlükəsizliyin ümumi qlobal məqsədlər kimi qəbul edilməsi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman oktyabrın 27–29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mətbuat konfransında deyib.
Xalid Fəthəlrəhman bildirib ki, ICESCO bu forumda iki mühüm mövzu üzrə müzakirələrdə iştirak edəcək: “Birinci mövzu müasir problemlərin, mövcud mübahisə və münaqişələrin sosial və mədəni köklərindən irəli gələn məsələlərə yeni həll yolları axtarmaq üçün ICESCO-nun sivilizasiya və diplomatiya ilə bağlı yeni konsepsiyasıdır. İkinci mövzu isə gələcəyə dair tədqiqat və təhlillərdə uzaqgörənliyin əhəmiyyəti, yeni baxışların formalaşdırılmasında qabaqlayıcı yanaşmanın tətbiqidir”.