Birləşmiş Dəniz İnformasiya Mərkəzinin (JMIC) məlumatına görə, regionda təhdid səviyyəsi “əhəmiyyətli”dərəcədədir. Boğazdan dəniz daşımaları davam edir, lakin Dubay bölgəsində gözləyən gəmilərin sayında artım müşahidə olunur və bəzi gəmilər Hörmüzdən yalnız gündüz saatlarında keçməyə üstünlük verir. Bundan əlavə, Bəndər-Abbas limanı yaxınlığında elektron siqnal pozuntuları halları qeydə alınıb.
Gəmiçilik şirkətləri artıq böhran şəraitinə uyğun fəaliyyət planını öz əməliyyat prosedurlarına daxil ediblər. “Maersk” dəniz daşımaları üzrə dünyanın ən iri operatorlarındandır və boğaz vasitəsilə daşımaları davam etdirdiyini və hadisələrin inkişafını diqqətlə izlədiyini bildirib.
Geosiyasət və məhdud alternativlər
Səudiyyə Ərəbistanı, BƏƏ və İraq üzərindən alternativ marşrutlar olsa da, Hörmüz boğazını tam şəkildə əvəzləmək mümkün deyil. İranlı ekspertlərin fikrincə, hətta qısamüddətli bağlanma belə neftin qiymətində 30–35% artıma səbəb ola bilər ki, bu da maliyyə bazarlarında şok effekti yaradaraq enerji istehlakçılarına təzyiqi artıracaq.
Qətərin demək olar ki, tam şəkildə Hörmüz üzərindən asılı olan mayeləşdirilmiş təbii qaz LNG ixracı da təhdid altına düşə bilər. Avropa üçün bu, tədarükdə fasilələr və alternativ yanacaq növləri – ilk növbədə dizel və elektrik enerjisi – üzrə qiymət artımı anlamına gələcək.
Beynəlxalq Enerji Agentliyi (BEA) bütün mümkün ssenarilərə hazırlaşır. “BEA vəziyyətin inkişafını fəal şəkildə izləyir,” – deyə agentlikdən Trend-ə bildiriblər və qeyd ediblər ki, təşkilatın sərəncamında 1,2 milyard barreldən çox fövqəladə neft ehtiyatı var. Agentliyin icraçı direktoru Fatih Birol vurğulayıb ki, agentliyin neft təhlükəsizliyi sistemi keçmiş böhranlar zamanı qlobal iqtisadiyyatın qorunmasında əsas rol oynayıb.
Enerji sabitliyi uçurumun bir addımlığında
Hörmüz boğazı ətrafında baş verən hadisələr dünya enerji sisteminin geosiyasi sarsıntılara qarşı nə dərəcədə həssas olduğunu bir daha göstərir. Tehranın qəti ritorikasına baxmayaraq, ölkə iqtisadi, diplomatik və hərbi riskləri nəzərə almağa məcburdur. Hətta qısamüddətli bağlanma belə təkcə İran üçün deyil, bütün qlobal bazarlar üçün ciddi nəticələrə səbəb ola bilər.
Hazırda hərbi əməliyyatlar davam edir və diplomatik kanallar real nəticə vermir. Enerji sektoru isə yeni bir böhrana hazırlaşır. Boğaz bağlanacaq, yoxsa açıq qalacaq? Aydın olan budur ki, qlobal iqtisadiyyatın dayanıqlığı hələ də bu dar, lakin həlledici strateji əhəmiyyətə malik İran körfəzi keçidindəki sabitlikdən asılıdır.