Süni intellekt (Sİ) və kvant kompüterlərinin sürətli inkişafı informasiya emalı imkanlarında köklü dəyişikliklər yaradır. Lakin bu texnoloji yüksəlişlə yanaşı, ciddi risklər də meydana çıxır. Böyük məlumat bazalarına (Big Data) əsaslanan süni intellekt sistemləri məxfiliyin pozulması və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. Eyni zamanda, kvant kompüterlərinin klassik şifrləmə üsullarını sındırmaq potensialı mövcud rəqəmsal infrastrukturu daha həssas vəziyyətə salır, dövlətlər və qurumlar qarşısında yeni təhlükəsizlik çağırışları yaradır. Bu texnologiyaların nəzarətsiz yayılması isə qlobal güc balansına təsir göstərə biləcək geosiyasi riskləri daha da dərinləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Sosial Elmlər Universitetinin regionşünaslıq üzrə doktorantı, kibertəhlükəsizlik eksperti Orhan Gültekin deyib.
Onun sözlərinə görə, süni intellektin tətbiqi ölkəmizin işğaldan azad olunmuş ərazilərində həm təhlükəsizlik, həm də yenidənqurma proseslərində strateji alət kimi ön plana çıxır. Münaqişədən sonrakı mərhələdə bölgədə sərhəd təhlükəsizliyinin və sabitliyin təmin olunması üçün süni intellekt əsaslı dron sistemləri, dekarbonizasiya (karbonsuzlaşdırma) texnologiyaları, sensor şəbəkələri və erkən xəbərdarlıq mexanizmlərinin tətbiqi geniş imkanlar açır. Eyni zamanda, şəhərsalma sahəsində Sİ dəstəkli coğrafi informasiya sistemləri və kvant əsaslı simulyasiyalar “ağıllı infrastruktur”ların formalaşdırılmasına şərait yaradır. Nəqliyyat axınının optimallaşdırılması, enerji səmərəliliyinin artırılması və fövqəladə halların idarə olunması kimi istiqamətlərdə süni intellekt həlləri Qarabağın dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Bu, həmçinin asimmetrik təhdidlərə qarşı daha çevik və operativ reaksiya imkanları yaradaraq regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək.
Ekspert bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərlər Forumunun (WUF13) Azərbaycanda keçirilməsi isə bu müzakirələri qlobal müstəviyə çıxarır. Forumun şəhərlərin gələcəyinə dair beynəlxalq dialoq platforması kimi çıxış etməsi fonunda, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında süni intellekt və kvant texnologiyalarından istifadənin gündəmə gətirilməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyinə verdiyi töhfəni daha aydın nümayiş etdirəcək. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur yalnız yenidənqurma məkanı deyil, həm də “ağıllı şəhər” texnologiyalarının sülh, təhlükəsizlik və dayanıqlı inkişaf naminə necə tətbiq oluna biləcəyini göstərən nümunəvi bir laboratoriya funksiyasını yerinə yetirə bilər. WUF13 çərçivəsində aparılacaq müzakirələr həmin texnologiyaların etik, təhlükəsizlik və davamlılıq aspektlərini qlobal səviyyədə ön plana çıxaracaq, Azərbaycanın təcrübəsi isə regional model kimi diqqət mərkəzində olacaqdır.
Azərbaycanda güclü və perspektivli ekosistem formalaşıb
“Bu ilin may ayında Azərbaycana səfərim çərçivəsində əldə etdiyim təəssüratlara, həmçinin 20-dən çox ölkə və 80-dən artıq şəhərlə bağlı müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Bakının gözoxşayan memarlıq siması və inkişaf modeli ilə yanaşı, Qarabağda həyata keçirilən “ağıllı şəhər” konsepsiyasına karbonsuzlaşdırma siyasəti və müasir ekoloji yanaşmaların inteqrasiyası bu bölgəni dünya üçün nümunəvi məkana çevirə bilər. Necə ki, muzeylər və incəsənət dedikdə Paris, texnologiya dedikdə San-Fransisko, sənaye və ticarət dedikdə Şanxay yada düşür, eləcə də sıfırdan formalaşdırılan genişmiqyaslı infrastruktur, həyata keçirilən irihəcmli investisiyalar və 20 milyard dollardan artıq vəsait hesabına gələcəkdə “ağıllı şəhər” anlayışı ilə məhz Qarabağın və Şərqi Zəngəzurun assosiasiya olunacağı qənaətindəyəm”, - deyə o əlavə edib.
Orhan Gültekin sonda bildirib ki, hazırda Azərbaycanda müxtəlif qurumların - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, ADA Universiteti və İstanbul Texniki Universiteti ilə qurulan əməkdaşlıqlar, eləcə də Qarabağ Universitetində formalaşdırılan yüksək səviyyəli mühəndislik təhsili nəticəsində ölkədə güclü və perspektivli bir ekosistem formalaşıb. Bu ekosistem çərçivəsində süni intellekt və kvant kompüterlərinin yaratdığı risklərin yalnız texniki deyil, həm də etik və geosiyasi ölçülər daşıdığı aydın görünür. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə bu texnologiyaların tətbiqinin həm təhlükəsizlik, həm də şəhərsalma sahəsində mövcud boşluqların aradan qaldırılmasına mühüm töhfə verəcəyi gözlənilir. Prosesin risklərinin idarə olunması və davamlılığı üçün ehtiyatlı strateji yanaşma tələb edilir ki, bunun da qardaş ölkələrin texnologiya mütəxəssislərinin və akademiklərinin əməkdaşlığı çərçivəsində aparılması mühüm əhəmiyyət daşıyır. Bütün bu kompleks fəaliyyətlər Azərbaycana Asiya və Avropa arasında bir Məlumat Qovşağı (Data Hub) kimi formalaşmasında əvəzsiz bilik ehtiyatı və təcrübə qazandıracaq.