Bu gün Azərbaycan dünyanın prioritet hesab etdiyi "yaşıl" keçidin əsas iştirakçılarından biridir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) açılış mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki hədəflərinin qlobal problemlərlə uyğunlaşdırılması dəyərli təcrübə qazandırıb.
"Belə ki, iri enerji şirkətləri ilə həyata keçirdiyimiz "yaşıl" layihələr ölkəmizin təmiz enerji dövlətinə çevrilməsinə və ekoloji dayanıqlılığı dəstəkləyən investisiyaların təşviqinə yönəlib. Bu istiqamətdə müəyyən öhdəliklər götürmüşük. 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması və tullantıların təkrar emalı proseslərinin genişləndirilməsi məqsədi müəyyən edilib", - nazir qeyd edib.
O, həmçinin SOCAR-ın 2050-ci ilə qədər COP28 çərçivəsində dekarbonizasiya strategiyasının həyata keçirilməsi və sıfır metan emissiyalarına nail olmaq üzrə könüllü öhdəliyindən məmnunluğunu ifadə edib.
"2023-cü il Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən, qlobal miqyasda qalıq yanacaqlarına subsidiya 7 trilyon ABŞ dollarına çatıb ki, bu da dünya ÜDM-nin təxminən 7,1%-ni təşkil edir. Bu böyük yatırımlar yalnız qalıq yanacaqlardan asılılığın davam etdiyini göstərmir, həm də dayanıqlı enerji həllərinə keçid üçün ciddi maneə yaradır.
Təsəvvür edin ki, bu subsidiyaların yalnız bir hissəsi bərpa olunan enerji mənbələrinə, "yaşıl" texnologiyalara və iqlim dəyişikliyinə uyğunlaşma təşəbbüslərinə yönəlsəydi, nə qədər böyük dəyişikliklərə yol açılardı. Bu resurslar təmiz enerjiyə keçidi sürətləndirə, innovasiyaları təşviq edə və "yaşıl" iqtisadiyyatda milyonlarla yeni iş yerləri yarada bilərdi", - M. Cabbarov əlavə edib.
Onun fikrincə, müsbət dəyişikliklərin potensialı böyükdür və daha dayanıqlı gələcək üçün indi bu potensialdan istifadə etməyin vaxtıdır.