BMT TŞ nadir minerallara artan qlobal tələbat fonunda ədalətin təmin edilməsinə çağırıb

Litium və kobalt kimi vacib minerallar sıfır karbonlu iqtisadiyyata keçiddə əsas rol oynayır. AZƏRTAC xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının cümə axşamı “Enerji, vacib minerallar və təhlükəsizlik” mövzusunu müzakirə etmək üçün keçirilən iclasında bu keçidin ədalətli və bərabər olmasının təmin edilməsi diqqət mərkəzində olub.

İclasda qeyd olunub ki, geosiyasi dəyişikliklərə baxmayaraq, qazıntı yanacağa əsaslanan qlobal iqtisadiyyatdan təmiz elektrikləşdirmə ilə idarə olunan iqtisadi sistemə keçid davam edir.

Beynəlxalq Enerji Agentliyinin (BMT sisteminin bir hissəsi olmayan muxtar beynəlxalq agentlik) məlumatına görə, litiuma tələbat 2024-cü ildə təxminən 30 faiz, nikel, kobalt, qrafit və nadir torpaq metallarına tələbat isə 6-8 faiz artıb. Elektromobillərin, batareyaların və bərpaolunan enerji mənbələrinin çoxalması vacib minerallara tələbatın kəskin şəkildə artmasına səbəb olur.

BMT Baş katibindən tutmuş bir neçə agentlik və qurumlara qədər təşkilatın bütün sistemi bu mineralların hasilatı və istismarı ilə bağlı təlimatlar verir, iclaslar keçirir və hesabatlar hazırlayır. Məqsəd mümkün qədər daha çox insanın təmiz, aşağıkarbonlu qlobal iqtisadiyyatdan faydalanmasıdır.

2024-cü ilin aprel ayında BMT-nin Baş katibi Antonio Quterreş bu minerallarla təchiz olunmuş bütün ölkələrə və icmalara tam fayda verən ədalətli və davamlı keçidi təmin etmək üçün Kritik Enerji Keçid Mineralları üzrə Panel yaradıb. Həmin ilin sonunda bu qurumun ilk hesabatı yayımlanıb və Quterreş bu sənədi “təmiz enerji ilə yanaşı rifah və bərabərlik yaratmaq üçün təlimat” adlandırıb.

FOTO 2

Hesabatda bərpaolunan enerji inqilabının ədalət və bərabərliyə əsaslanması yolları müəyyən edilir ki, bu, davamlı inkişafı təşviq etsin, insan ləyaqətini qorusun, ətraf mühiti mühafizə etsin və resurslarla zəngin inkişaf etməkdə olan ölkələrdə rifah yarada bilsin.

2025-ci ilin iyun ayında hazırlanmış təlimat enerji keçidi üzrə nadir minerallarının insan hüquqlarını, ətraf mühitin qorunmasını və ədalətli inkişafı təşviq edən yollarla çıxarılmasını və istifadəsini təmin etmək üçün tədbirlər təklif edir. O, üç əsas prinsip ətrafında qurulub.

İnsan hüquqları əsas məqsəd olmalıdır. Bu, insan hüquqlarının lazımi araşdırılması, əsir qiymətləndirmələri, vətəndaş məkanının qorunması və güclü şikayət mexanizmləri deməkdir.

Ətraf mühit və planetin bütövlüyü təmin edilməli, güclü ekoloji və sosial təsir qiymətləndirmələrinə, biomüxtəlifliyin qorunmasına, qadağan olunmuş zonalara, dekarbonizasiyaya, dairəvi iqtisadiyyat tədbirlərinə və mədən sahələrinin mütərəqqi bərpasına üstünlük verilməlidir.

İcmanın iştirakına, gender bərabərliyinə, yerli xalqların cəlb edilməsinə və ədalətli fayda paylaşımına vurğu etməklə, həmçinin sistem daxilində ədalət və bərabərlik təmin olunmalıdır.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) nadir mineralların istehsalının genişləndirilməsinin ciddi ekoloji, sosial-iqtisadi və geosiyasi risklər yaradacağından narahatdır. Mədənçilik və emal yüksək istixana qazı tullantılarına, biomüxtəlifliyin itirilməsinə, çirklənməyə, insan hüquqlarının pozulmasına, o cümlədən yerli xalqlara təsirlərə səbəb ola bilər. Bundan başqa, təchizat çatışmazlığı və məhdud bazarlar qiymət dəyişkənliyinə, geosiyasi gərginliyə və həssas ərazilərdə mədənlərin açılması üçün təzyiqə gətirib çıxarır.

UNEP mineral idarəçiliyinin yalnız mədən sahələrində deyil, bütün dəyər zənciri boyunca yayılmasına və daha güclü beynəlxalq əməkdaşlığa, şəffaf idarəetməyə, hökumətlər, sənaye və icmalar arasında əməkdaşlığın gücləndirilməsinə çağırır.